Mədəni irsimiz

Bulud xalçaları

Qarabağ tipinin Şuşa qrupuna daxil olan xovlu və “Bulud” adı ilə məşhur olan xalçalar Şuşada XIX əsrin yarısından etibarən Avropa və Rusiya incəsənətinin təsiri altında yaradılmışdır.

 

Həmin dövrdə Rusiyadan Azərbaycana müxtəlif çeşidli mallar – çit, hörmə, krujeva, “xoruznişan” dəsmallar, bəzəkli çini qablar, zərgərlik məmulatları və s. gətirilirdi. Bir çox sənətkarlar həmin məmulatların üzərindəki naxış və rəsmlərdən ilham alaraq onları xalça üzərinə keçirirdilər. “Saxsıda güllər”, “Bulud” xalçaları da bu qəbildən olaraq rus dekorativ sənətinin təsiri ilə yaranan xalça çeşniləridir. "Bulud" adlanmasına baxmayaraq, kompozisiyada bulud təsvirindən əsər-əlamət yoxdur. Xalçanın adı «blyudo» rus sözünün təhrif edilmiş variantından yaranmış və sadə xalq dilində "bulud" kimi yayılmışdır.

 

Xalça iri yarpaq elementlərdən təşkil olunmuşdur. Orta sahədə qoyulmuş medalyon formalı element Avropa dekorativ incəsənətinin bütün sahələrində istifadə olunan ornament tipidir.  Bu elementlərə parlaq çiçək təsvirləri yerləşdirilir. Xalçanın haşiyəsi də bu tərzdə tərtib olunur.

 

“Saxsıda güllər xalçası” adı ilə məşhur olan xovlu xalçalar XIX əsrin ikinci yarısında Şuşada yaradılan sənət əsərləri hesab olunur. Yaradılma tarixinə və bədii və texnoloji xüsusiyyətlərinə görə bu xalçalar “Bağçadagüllər xalçası”nı xatırladır və hətta müəyyən dərəcədə onun bənzəridir.