Bu maraqlıdır!

Baykonur Kainatın ilk limanıdır

Dünyanın səkkiz ölkəsində  20-dən çox kosmodrom vardır. Bu kosmodromlardan  kosmosa raketlər göndərmək mümkündür. Lakin kosmik aparatlar daha çox Rusiyaya məxsus Baykonur kosmodromundan  start götürür. Baykonur  dünyada birinci və ən böyük kosmodromdur. O, həm də  insanları kosmosa göndərən dörd kosmodromdan biridir.
 
Bu böyük kosmodromun tikintisi üçün  Türatam  stansiyası (Qazaxıstan) yaxınlığındakı səhra seçilmişdi. İlin 300 günü günəşli olan bu səhra raketlərin buraxılması üçün münasib coğrafi enlikdə yerləşir.  Kosmodromun kod adı “Tayqa” olub.  
 
Onun inşasına 1955-ci ildə başlanıb. Bu yer raketlərin buraxılması üçün çox münasib olsa da, insanlara böyük çətinliklər yaradır, çünki  yay aylarında  səhrada havanın temperaturu  +35ºC, qışda isə - 25 ºC  dir. Üstəlik, zəhərli ilanlar, əqrəblər, sürü ilə gələn ağcaqanadlar, keyfiyyətsiz su. Qəsəbə  sürətlə böyüyərək Leninsk şəhərinə çevrildi.  Şəhərlə bərabər  kosmodrom da böyüdü. 
 
1957-ci ildə poliqonun birinci start kompleksində  3-1 qitələrarası raketi quraşdırıldı.  Onun köməyi ilə oktyabrın 4-də  Yerin birinci süni peyki – “Sputnik -1” kosmosa buraxıldı.  Elə həmin il noyabrın 3-də Layka ləqəbli it  kosmosa uçur. 
 
Məlumatlarda deyilirdi ki,  uçuşlar Baykonurdan həyata keçirilir. Baykonur  (qazax dilində “Baykonır” “zəngin vadi” deməkdir) Qazaxıstanda  tamamilə başqa bölgənin adıdır.  Bu yolla xarici casusları çaşdırmaq istəyirdilər.  Lakin kosmodromun adı elə Baykonur qaldı. 
 
Baykonurdan   2 mindən çox uçuş aparatı və raket  buraxılıb.  Lakin əsas uçuş 1961-ci il aprelin 12-də həyata keçirilib. “Vostok-1” kosmik aparatı insanı Yerin orbitinə çıxarıb. Kosmik aparat Yer kürəsi ətrafında 1 saat 48 dəqiqə ərzində dövrə vurub yerə enir.  Planetimizi ilk dəfə kənardan Yuri Alekseyeviç Qaqarin müşahidə edib və onun bənzərsiz gözəlliyinə valeh olub.
 
Raketi kosmosa buraxmaq üçün  çoxlu sayda insanın zəhməti və geniş  ərazi lazımdır.  Baykonurun sahəsi Moskvanın sahəsindən 6 dəfə böyükdür. Hər bir raket üçün başqa raketlərdən uzaqda ayrıca kompleks tikmək lazımdır ki,  birində qəza baş verəndə  digərlərinə ziyan dəyməsin.   
 
Raketin pillələrini və kosmik aparatı  zavodlardan kosmodroma gətirirlər. Quraşdırma işləri zamanı hər şeyi yoxlayırlar, sonra  dəmir yolu ilə saatda 5 kilometr sürətlə start yerinə gətirirlər.
 
Raketi şaquli vəziyyətə gətirir, bir daha yoxlayır  və yanacaqla  doldururlar.  Baykonura kerosin kənardan gətirilir,  maye oksigen və azotu elə kosmodromda yerləşən  dünyanın ən iri  zavodlarından birində istehsal edirlər.  Yanacağı xüsusi qatarda gətirirlər. 
 
Kosmodromun idarəetmə mərkəzinin mütəxəssisləri  raketin hazırlanmasına və buraxılmasına, axtarış-xilasetmə xidməti isə təhlükəsizliyə  nəzarət edirlər. Xüsusi stansiyalar  daşıyıcı raketin uçuş trayektoriyasını  izləyir. 
 
İnsan  kosmosun  mənimsənilməsindən faydalı çox şey öyrənib. Lakin hələlik elə bir  kosmik texnika icad olunmayıb ki,  ətraf mühitə ziyan vurmasın.  Kosmik aparatlar daha çox kosmosa buraxılanda və geri qayıdanda ziyan vurur. Raketlərin yanacağı  zəhərlidir. Raket buraxılan zaman onun birinci və ikinci pillələri Qazaxıstanın və Rusiyanın ucsuz-bucaqsız ərazisinə düşür.  Zəhərli yanacağın  qalıqları torpağa və suya qarışır.  Belə yerlərdə yaşamaq, nə isə yetişdirmək təhlükəlidir. İnsanlar qarşısında təkcə Kainatı  tədqiq etmək deyil, həm də bunu planetimizin həyatına ziyan vurmadan etmək vəzifəsi durur.