Xəbərlər

Tur-aksiya zamanı Azərbaycan Ordusunun şanlı aprel qələbəsindən danışılıb

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində səkkiz rayon və bir şəhəri təmsil edən məktəblilər noyabrın 17-də Quba və Qusar rayonlarının görməli yerləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, şimal bölgəsinə ekskursiyada Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ağsu, Qobustan və Mingəçevirin ümumtəhsil məktəblərinin 300-dən çox yuxarı sinif şagirdi iştirak edir.

Şamaxı, İsmayıllı, Şəki, Oğuz və Qobustandan olan məktəblilərin qədim Qubaya ekskursiyası dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlayıb. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, eləcə də dağ yəhudilərinin ibadət etdikləri sinaqoqla yaxından tanış olublar.

Sonra məktəblilər Qudyalçay üzərindəki XIX əsrə aid tarixi memarlıq abidələrindən olan Tağlı körpü ilə tanış olublar.
Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tur-aksiya iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. 

Tur-aksiya iştirakçıları şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini də izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.

Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.

Şagirdlər, həmçinin “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə də yaxından tanış olublar.

Qəbələ, Göyçay, Ağsu və Mingəçeviri təmsil edən məktəblərin şagirdlərindən ibarət qruplar isə noyabrın 17-də Azərbaycanın şimal qapısı olan Qusar rayonuna gəliblər.

“Şahdağ” Turizm Mərkəzi ilə tanışlıq zamanı şagirdlərin diqqətinə çatdırılıb ki, turizm mərkəzi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Günün ikinci yarısında məktəblilər rayonun Həzrə kəndində “Şeyx Cüneyd” türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar. Daha sonra şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi və rəsm qalereyası ilə yaxından tanış olublar.