Xəbərlər

Noyabrın 20-si Ümumdünya uşaq günüdür

Bakı, 20 noyabr, AZƏRTAC


Noyabrın 20-si hələ keçən yüzilliyin ortalarında təsis olunan Ümumdünya uşaq günüdür (Universal Children’s Day).


1954-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən bütün ölkələrə Beynəlxalq uşaq gününün bayram edilməsinin qanuna salınmasını tövsiyə edən qətnamə qəbul olunur. Bununla yanaşı, bu gün çərçivəsində həyata keçirilən fəaliyyətlərin bütün gəlirləri planetimizdəki uşaqların firavanlığının təmin olunmasına yönəldilməlidir.


Bəşəriyyət uşaqlara yaxşı nə varsa verməyə borcludur. Bu barədə Azərbaycanın 1992-ci il iyulun 21-də qoşulduğu BMT-nin uşaqların hüququ barədə Deklarasiyasında deyilir.


Azərbaycanda uşaq siyasətinin yerinə yetirilməsinə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi məsuldur. Bu sahədə vacib layihələri həyata keçirən bir sıra təşkilatlar var. Komitə dövlətin nəzarətində olan müəssislərdə mütəmadi monitorinqlər keçirir, vətəndaşların ərizələrini araşdırır, ekspertlər və uşaqlar üçün kampaniyalar, treninqlər və tədbirlər təşkil edir. 1993-cü ildən Azərbaycanda BMT Uşaq Fondunun (UNICEF) bölməsi fəaliyyət göstərir. Heç bir diskriminasiyaya yol vermədən bütün uşaqlar üçün müdafiə mühiti formalaşdırmaq təşkilatın əsas məqsədidir. Uşaqların zorakılıqdan, istismardan, qəddar münasibətlərdən və diskriminasiyalardan qorunması UNICEF üçün qlobal prioritetdir.


BMT hesab edir ki, dünyada haqları çox zaman pozulan uşaqlar və yeniyetmələr bütün cəmiyyətlərin ən zəif üzvləridir. Ümumdünya uşaq günü bütün dünyada uşaqların hüquqlarının təmin olunmasına yönələn fəaliyyətə zəmin yaratmaq üçün təsis edilib. Uşaq hüquqları özündə hər iki valideyn ilə birgə yaşama, həmçinin fiziki müdafiə, qidalanma, təhsilalma, tibbi xidmət və digər bu kimi əsas tələbat haqqını ehtiva edir.