Xəbərlər

Sumqayıtda “Sabahın alimləri” VII respublika müsabiqəsinə qatılacaq namizəd şagirdlərin seçim turu başlayıb

Sumqayıt, 20 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Universitetində (SDU) “Sabahın alimləri” VII respublika müsabiqəsinə qatılacaq namizəd şagirdlərin seçim turu başlayıb.

AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər şagirdlərinə rəhbərlik edən SDU-nun professoru Cavanşir Məmmədov əvvəlcə gələcəyin alimlərini salamlayıb, Sumqayıt məktəblilərinin müsabiqədə ürəkaçan nailiyyətlər əldə etdiklərini bildirib. Qeyd olunub ki, universitetlə orta təhsil müəssisələri arasında əlaqələr uğurla inkişaf edir, fakültələrdə müxtəlif ixtisaslar üzrə fənn olimpiadaları təşkil olunur, “Sabahın alimləri” müsabiqəsində şagirdlərin istedad, bacarıq və potensialının aşkara çıxarılması istiqamətində mühüm addımlar atılır.

Bildirilib ki, müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb, sağlamlıq, ekologiya, mühəndislik, kompüter kateqoriyaları üzrə təşkil olunur.

Sumqayıtda fəaliyyət göstərən məktəblərdən 150-dən çox şagirdin qatıldığı seçim turu sınaq şəklində keçirilir.

Xatırladaq ki, ölkəmizdə 2012-ci ildən keçirilən “Sabahın alimləri” respublika müsabiqəsi dünyada ən nüfuzlu müsabiqələrdən biridir və hər il Amerika Birləşmiş Ştatlarında təşkil edilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (International Science and Engineering Fair) həsr olunur. “Sabahın alimləri” VII respublika müsabiqəsi 2018-ci ilin fevral ayının 14-16-da təşkil ediləcək.

Müsabiqənin məqsədi IX-XI sinif şagirdlərinə tədqiqat aparmaq öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirməkdir.