Bu maraqlıdır!

Mərkəzi Asiyanın döyünən ürəyi

Mərkəzi Asiyada, Tyan-şan və Gissar-Alay uca dağ silsilələri arasında dağlararası çökəklik – Fərqanə vadisi  yerləşir. Vadi Mərkəzi Asiyada insanların ən sıx məskunlaşdığı  ərazidir. Burada hər kvadrat kilometr əraziyə orta hesabla  300-500 sakin düşür.  
 
Dağlar soyuq havanın vadiyə daxil olmasının qarşısını alır. Quraqlıq ərazi Sırdəryanın suları ilə suvarılır. Vadinin iqlimi üzüm, çəltik, qarayonca, meyvə yetişdirmək üçün əlverişlidir. İnsanlar ta qədim zamanlardan bu torpaqlarda əkinçiliklə məşğul olublar.  Fərqanə vadisində  ilk şəhərlər hələ 2 min il əvvəl yaranıb. 
 
Vadidən çoxlu yollar keçir. Bu yollarla hərəkət edən tacirlər karvansaralarda yerləşiblər. Onları karvansaraların uca divarları müdafiə edib. Tacirlər Fərqanə vadisində mal alıb-satır, ehtiyatlarını tamamlayır, yollarına davam etmək üçün heyvan alır, tərcüməçi və bələdçilər tuturdular. Vadi tez-tez istilalara məruz qalıb. 
 
Hazırda  Fərqanə vadisi Tacikistan, Özbəkistan və Qırğızıstan arasında bölünüb. 
 
“Dərya” dəniz, “sır” “bolsulu” deməkdir. Fərqanə vadisini cənnət vahəsinə çevirən Sırdərya vaxtilə bolsulu  çay olub. 1939-cu ildə  çayın mənbəyində böyük Fərqanə kanalı inşa olunub. 160 min adam texnikanın köməyi olmadan bir ay yarım ərzində 345 kilometr uzunluğunda kanal çəkib. Kanalın mindən çox  qurğusu  çayın suyunu  paylayır, quraqlıq yerləri su ilə təmin edir.  Lakin istismar müddəti keçən  bənd və kanallar  artıq suyu saxlamır.  Hazırda Sırdərya öz adını doğrultmur. 
 
Margilan vadinin ən qədim  şəhərlərindən biridir.  Böyük İpək Yolu məhz  bu şəhərin ərazisindən keçir. Çinlilər ipək istehsalının sirrini gizli saxlaya bilmədiyindən Margilan X əsrdən  öz ipəyi ilə şöhrət qazanıb. Burada qədim  üsulla bənzərsiz naxışları rəngdən-rəngə çalan parçalar tuxunur. 
 
Qədim dövrlərdə Kokand eyniadlı xanlığın  paytaxtı olub.  Kokand hökmdarları burada  məscidlər, mədrəsələr ucaldıblar. Onların çoxu bu günə kimi şəhəri bəzəyir.  98 sütunlu Cümə məscidinin ölçüləri və gözəlliyi insanı valeh edir.  Kokand hökmdarı Xudoyar xanın  sarayı – “Urda”  bütün vadinin  simvoluna çevrilib. 
 
Yaşı  3 min ildən çox olan Oş şəhərinə çoxlu zəvvar gəlir. Müsəlmanların  müqəddəs saydıqları  Təxti-Süleyman dağı burada yerləşir. 
 
Əndican şəhəri isə öz həmvətəni - şair və sərkərdə Məhəmməd Babur ilə qürur duyur.  Qədim Davan dövlətinin paytaxtı Erşi bu şəhərin yaxınlığında yerləşir. 
 
Fərqanə vadisində əsasən pambıq becərilir.  Pambıqdan sap və parça istehsal olunur. Məhsul əsasən əl ilə yığılır.  Vadi pambıq istehsalına görə  dünyada  ikinci yeri tutur. Yaşıllıqlar içində olan Fərqanə  böyüklüyünə görə vadinin üçüncü şəhəridir. Təəssüf ki, son illər şəhərdə qocaman çinar  ağaclarının çoxu kəsilib. Sovet İttifaqı dövründə burada çoxlu zavod tikilib.  Fərqanə şəhəri hələ də vadinin sənaye mərkəzidir. 
 
Bu maraqlıdır:  Eramızdan əvvəl 102-ci ildə Çin imperatoru Fərqanə vadisinə  qoşun göndərir. O, gözəlliyinə görə çinlilərin “səmavi” adlandırdıqları atları ələ keçirmək istəyir.  Fərqanəlilər bildirirlər ki, şəhərin mühasirəsi dayandırılmasa, bütün atları qıracaqlar.  Barışıq əldə olunur. “Səmavi” atlar onların  vətəni  Axal vahəsinin adı ilə Axaltəki atları adlanır.