Xəbərlər

BƏƏ-də yeni bayquş növü aşkar edilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vəhşi Təbiət Cəmiyyəti (EWS) bu yaxınlarda Dünya Vəhşi Təbiət Fondu ilə (WWF) əməkdaşlıq şəraitində BƏƏ ərazisində yeni bayquş növü aşkar edib. 
 
 
AZƏRTAC xəbər verir ki,  Əmirliyin “Gulf News” nəşri EWS-WWF-in bəyanatına istinadla yazıb ki, yeni bayquş növü «Bubo africanus milesi» adlanır. Bayquş EWS-WWF-in nümayəndəsi Entoni Stoukertin Fuceyra Əmirliyi bələdiyyəsi milli parkının nümayəndəsi Sami Məcidin köməyi keçirdiyi tədqiqatlar zamanı aşkar olunub. Bildirilir ki, bu quş ölkənin şərqində Həcər dağları ərazisində yaşayır. 
 
 
«Bubo africanus milesi»  Yəməndə, Omanın cənubunda Dofara rayonunda, Səudiyyə Ərəbistanının cənub-qərbində,  Qırmızı dənizin yaxınlığındakı Asir dağlarında da yaşayır. 45 santimetrədək böyüyən belə bayquşların çəkisi təqribən 800 qramdır. 
 
 
Bəyanatda deyilir ki, yeni bayquş növünün üzə çıxarılması ölkənin biomüxtəlifliyinin bundan sonra da tədqiq olunmasının əhəmiyyətini vurğulayıb. Tədqiqatlar Şeyx Məhəmməd bin Zayed adına Növlərin Qorunub Saxlanılması Fondu tərəfindən maliyyələşdirilir. Toplanan məlumat nəsli kəsilməkdə olan nadir heyvan növləri yaşayan bölgələrdə mühafizə edilən  ərazilər yaradılmasında istifadə olunacaq.
 
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi