Nağıllar, hekayələr

Sevinc Nuruqızı. “Süd dənəciyi”

Bu hadisə səhər tezdən baş verdi. Nənə yerindən duran kimi, sevimli inəyi Alagözü sağmağa getdi. Ağappaq süd sırımları bir-birini itələyə-itələyə vedrəyə doluşdular. Süd köpüklənib vedrənin ağzınadək qalxdı. Və elə bu zaman... Hə elə bu zaman daşmağa hazırlaşan vedrədə özünə yer tapmayan ağappaq, napnazik, cəld və ağıllı bir süd sırımı «hop» eləyib vedrənin kənarından yerə atıldı:
- Bu mənəm, tanış olun, - dedi. - Süd sırımı Ağqız. Ey, tanış olun da, mənimlə. Bu mənəm Ağqız.


Ətrafda heç kəs ona fikir vermədi. Hərə öz işi ilə məşğul idi. Nənə süd sağır, baba isə ot çalırdı. Kürən toyuq yumurtalamağa hazırlaşırdı. Xoruz hasarın başına çıxıb diqqətlə kənd yoluna baxırdı. Cücələr cücü tutmaqla, ördəklər göldə çimməyə yollanır,  qazlar ördəklərdən geri qalmamağa çalışırdılar. Süd sırımı Ağqız isə kiminləsə tanış olmaq istəyirdi. Axı kiminlə? Bəlkə gedim buzovla tanış olum. Ağqız nazik, ağ ayaqların qara torpağın üstünə basa-basa ala buzov bağlanan dirəyə yaxınlaşdı:
- Tanış olaq. Buzov eşitmirsən?! Tanış olaq, dedim. Mən süd şırımı Ağqızam.


Buzov onu görmədi. Heç səsini də eşitmədi. Ağqız buzovun quyruğundan yapışıb kürəyinə, oradan başına atıldı. Burununun üstündən sallanıb qışqırdı:
- Bura bax, yuxarı. Mən süd şırımı Ağqızam.
Buzov artıq südün ətirini almışdı. Gözləri burnundan yuxarı baxırdı. Və onlar ikisi də birdən Ağqıza sataşdı. Buzov Ağqızı görən kimi sevindi:
- Ah, necə ətirlidir.
Ağqız özünü öydü. Burnundan aşağı qışqırdı:
- Əlbəttə ətirliyəm. Adım da Ağqızdır.


Buzov onun adına əhəmiyyət vermədi. Dadını bilmək istədi. Böyük dilini çıxardıb burnunun üstüylə yuxarı sürüşdürdü. Ağqız qorxuya düşdü. Dil indicə onu yaralayacaqdı. Daha süd şırımı Ağqız olmayacaqdı. Ağqız var gücü ilə kənara sıçradı. Gözünü açanda özünü geniş, yaraşıqlı fincanın içində gördü. Tez özünü düzəldib ayağa durdu. Fincanın kənarına qalxmaq istədi. Bir neçə dəfə cəhd elədi. Nəhayət, alındı. İki əli ilə fincanın kənarından tutub başını çölə çıxartdı.
- Qəşəng fincandır. Üstündəki çiçəklərə bax. Görəsən, kimin fincanıdır?!


Ağqız başını qaldırıb fincanın sahibinə baxdı. Pırpız saçlı oğlan idi. Ağqız sevindi. Onunla tanış olmaq istədi:
- Ey, burada mən varam. Süd şırımı Ağqız. Oğlan onun səsini eşitdi. Amma harada olduğunu bilmədi. Ağqız yenə qışqırdı:
- Bura bax. Fincanın içindəyəm. Süd şırımı Ağqızam.
Oğlan əlindəki fincanın içinə baxdı.


Ağqız sevindi. Gülümsədi. İndicə oğlanla tanış olacaqdı. Amma sevinci uzun sürmədi. Çünki fincanın sahibi var gücü ilə ağlayırdı.
- Mən süd içmirəm. Süd içmək istəmirəm. Kim mənim fincanıma süd töküb? Gəlin aparın bu südü buradan.
 Ağqız da elə onun kimi qışqırdı:
- Niyə bağırırsan. Görmürsən dişlərin necə çürüyüb. Boyun da bapbalaca qalıb. Saçların da parıldamır. Süd içmirsən ona görə. Amma mən heç istəmirəm sən məni içəsən. Sadəcə tanış olmaq istəyirəm. Süd şırımı Ağqızam...


Oğlanın qışqırığı Ağqızın titrək səsini elə batırırdı ki, onu heç eşidən olmadı. Bağıran oğlanın anası yaxınlaşdı. Ağqızı aparıb daha dərin bir qaba tökdü. Ağqız bu qabdan çıxmağa çalışdı. Ağladı, yalvardı. Onu eşidən olmadı. Sonda sakitləşib yatdı.
- Səhər yenicə açılmışdı. Ağqızın yatdığı qaba bir qaşıq girdi. Qaşıq dəmir ağzı ilə onun üstü ilə irəlilədi. Ağqız şikayətləndi:
- Ey, qaşıq xanım, siz nə edirsiniz? Əzilirəm axı...


Xanım qaşıq ona əhəmiyyət vermədi. Üzündəki qaymağı yığdı kənarları zərli bir nimçəyə. İlk dəfə Ağqız üzündən yığılan qaymağın adını eşitdi:
- Xama!
Xamanı masaya apardılar. Ağqız qaldı qabın içində. Yağsız və dadsız olduğunu hiss etdi:
- Yağımı apardılar. Adına «Xama» dedilər. Amma eybi yoxdur. - Ağqız özünə ürək-dirək verdi, - hələ də ağappaq və ətirliyəm. Ah... Kimin¬ləsə tanış olmaq istəyirəm....
Amma bunu edə bilmədi. İki əl yaxınlaşıb onu içində yaşadığı qabla birlikdə yerindən qaldırdı. Aparıb sobanın üstünə qoydu. Və... Dəhşət... Alov dilimləri qabın ətrafını yalamağa başladı. Ağqız istiləndiyini hiss elədi. Haray qaldırdı:
- Ay yandım. Ay bağrım çatladı. Ay boğuldum...
Bunu deyib o qabın kənarı ilə sürətlə qalxdı. Kimsə qışqırdı:
- İndi süd daşacaq...
Onu daşmağa qoymadılar. Güclə qabın kənarına çatmışdı. Lap az qalmışdı ki, «hop» eləyib azad olsun onu sobadan götürdülər. Ağqız kədərləndi.
- Lap azca qalmışdı düşüb yenə azad süd şırımı Ağqız olam. Qoymadılar...
Ağqız yavaş-yavaş soyudu. Sakitləşib qabın dibində qaldı. Birdən yenə də kiminsə yaxınlaşdığını hiss elədi:
- Qaşıq, nə var yenə də?! Daha qaymağım yoxdur. Özüm də dincəlmək istəyirəm. Məni narahat etmə.
Amma qəzəbli qaşıq ona əhəmiyyət vermədi. İçindəki ağ nə idisə boşaltdı Ağqızın üstünə. Sonra onu yaxşıca qarışdırdı. Üstünə isti dəsmal salıb sakit yerə qoydular. Ağqız içinə atılanla tanış olmaq istədi:
- Tanış olaq. Mən süd şırımı Ağqızam. Bəs sən kimsən?
- Mən qatıq. Ha-ha-ha... İndi sən də qatıq olacaqsan.
Ağqız səksəndi qışqırdı:
- Çıxardın bu ağ vəhşini mənim yaşadığım qabdan. Mən... mən qatıq olmaq istəmirəm. Mən süd şırımı Ağqız olmaq istəyirəm...
Amma sözünü deyib qurtaranda o artıq qatıq olmuşdu. Sonra həyatında çox hadisələr baş verdi. Onu taxta qabda çalxaladılar. Qabla tanış olmaq istədi:
- Mən süd şırımı... Yox ey mən qatıq Ağqızam. Bəs sən...
- Mən Nehrəyəm... - Bunu deyib nehrə necə sürətlə irəli-geri çalxalandısa Ağqızın ürəyi bulandı. Başı gicəlləndi. Canında olan yağ ayrılıb qalxdı yuxarı. Sonra yağın kənarı zərli nimçəyə yığıb apardılar. Ağqız yerdə qalanla tanış olmaq istədi:
- Mən Ağqızam... Bəs sən...
Yeni tanışı üz-gözünü turşutdu. Həvəssiz dilləndi:
- Mən Ayranam. Amma indi elə sən də Ayransan.


Ağqız özünə baxdı. Təzə adı xoşuna gəlmədi: Ayran Ağqız. Çox pis. Canında yağı, qaymağı qalmamışdı. İndi o kimə lazım idi. Yəqin ki, heç kimə... Amma bu, belə olmadı... Ağqızı yenə sobanın üstünə qoydular. Yenə alov dilimləri onun dörd yanını bürüdü. Ağqız çürüdüyünü kəsildiyini hiss etdi. Qolları boşaldı. Ayaqları hərəkətədən düşdü. Amma yenə də yanındakı ağ, yumşaq bədənli birilə tanış olmaq istədi:
- Mən Ayran Ağqızam, bəs sən kimsən?
Kobud bir səs Ağqızın səsini batırdı.
- Mən Kəsmiyəm. Elə sən də kəsmiksən. Kəsmik Ağqız... Ha-ha-ha - Kəsmik Ağqız...
Sonra onu bir dilim isti və ətirli çörəyin üstünə qoydular. Və Ağqız daha heç kimlə tanış olmadı.