Bu maraqlıdır!

Təqvimdəki ayların mənası

İstifadə etdiyimiz təqvimdəki ayların adının necə əmələ gəldiyi yəqin ki, hər birimiz üçün maraqlıdır. Bu ayların adı qədim Roma təqvimindən götürülüb. Qədim Romada çoxallahlılıq mövcud idi. Romalılar təqvimdəki ayların hər birini onların adları ilə əlaqələndirib və tanrılarının şərəfinə adlandırıblar. 
 
Yanvar - qədim zamanlarda hər bir başlanğıcın tanrısı hesab edilən Roma allahı Yunusun adı ilə əlaqələndirilib. 
 
Fevral - bu ayın ortasında Romada Dies Februtus adlı yaz bayramı keçirildiyi üçün bu cür qeyd olunub. 
 
Mart - Romanın müharibə allahı Marsın şərəfinə qoyulub. 
 
Aprel - Latın feli olan “aparire” sözündən götürülüb ki, bunun da mənası açmaq deməkdir. Həmin ayda Romada  çiçəklər açarmış.
 
May - Romanın yaz ilahəsi olan Mayinin adından götürülüb.
 
İyun – Bu ayın adının necə yarandığı barədə müxtəlif fikirlər var. Ehtimala görə, bu aya Roma ilahəsi Yunonun adı verilib. Lakin, “iyun” sözünün yaranması haqqında başqa bir fikrə görə, bu ayın adı birinci Roma konsulu (Romada yüksək vəzifəli şəxs) Yuni Brutun şərəfinə adlandırılıb.
 
İyul - Roma imperatoru Yuli Sezar bu ayda anadan olduğu üçün onun adı ilə əlaqələndirilib.
 
Avqust - Roma imperatoru Oktavianın adının sonuna artırdığı Avqust (mənası “müqəddəs” deməkdir) sözündən götürülüb. Məhz, Yuli Sezardan sonra hakimiyyətə gələn Oktavian  təqvimə özünün şərəfinə Avqust ayını daxil etdirib. 
 
Sentyabr - Latınca “setrem” ( yeddi ) sözündən yaranıb. Çünki, qədim Roma təqvimində il martdan başlanırmış. Sentyabr qədim Roma təqviminin yeddinci ayı imiş. 
 
Oktyabr - Latınca “okto” (səkkiz) sözündən əmələ gəlib. Çünki, bu ay qədim Roma təqvimində səkkizinci ayı hesab olunurmuş.
 
Noyabr - Latınca “novem” (doqquz) sözündən yaranıb. Noyabr qədim Roma təqviminin doqquzuncu ayı olduğundan belə adlandırılıb. 
 
Dekabr - Latınca “desem” (on) sözündən əmələ gəlib. Dekabrın gəlişi qədim Roma təqvimində onuncu aya təsadüf etdiyindən ona bu ad verilib.