Təbiət

Nə üçün ulduzlar axır, buludlar isə yox

Biz tez-tez ulduzların axmasının şahidi oluruq. İnanclara görə, ulduz axması zamanı ürəyində nə arzu tutsan, o, mütləq yerinə yetəcək. Əslində, bizim gördüklərimiz axan ulduzlar deyil, sadəcə, kosmik fəzada uçuşan daşlardır.


Yerə yaxınlaşanda daşlar hava kütləsi ilə toqquşur,  nəticədə bərk qızaraq işıq saçmağa başlayır, lakin yerə çatmamış yanaraq görünməz olur.  Elmdə bu daşları meteor adlandırırlar. Meteorun Yer kürəsinə çatan  hissəsinə isə meteorit deyirlər. Əgər uzun müddət ulduzlu səmaya baxsaq, görərik ki, meteorlar sanki bir nöqtədən əmələ gəlir. Həmin nöqtə  ulduz axınının kəsişmə nöqtəsidir.  Lakin bu, yalnız illüziyadır.  Əslində,  onlar paralel trayektoriyalarla hərəkət edir.    
Hamıya  məlumdur ki, bulud buz kristallarından və xırda su damcılarından ibarətdir. O da məlumdur  ki, su damcısı havadan ağırdır. Bəs onda su damcısı nə üçün buludun içində qala bilir?


Diametri bir millimetrdən də az olan ən kiçik su damcıları  hava molekulları ilə daim toqquşduğu üçün yerə düşmür.  Hava molekulları Broun hərəkətinə məruz qalır.  Məhz hava kütləsinin zərbələri  damcının yerə düşməsinə imkan vermir.


Damcının ölçüsü  böyüyəndə  havanın hərəkəti artıq ona təsir edə bilmir və o, düşməyə başlayır. Lakin düşən zaman  hava kütləsinin təsirinə məruz qalır. Ona görə də  düşmə zamanı çoxsaylı kiçik damcılara  parçalanıb yenidən yüksəklərə,  buludlara qalxır, ya da günəşin hərarəti ilə buxarlanır.