Bu maraqlıdır!

Banan - müdrik insanın meyvəsi

Banan giləmeyvədir. Banan bitkisi isə bərk oduncağı olmayan iri bitkidir: gövdəsinin hündürlüyü bəzən 10 metrə, diametri 40 santımetrə çatır. Belə bir bitkidə adətən ümumi çəkisi 500 kiloqrama qədər olan 300 meyvə yetişir. Vətəni Cənubi Hindistan olan banan artıq 3 min ildir becərilir.


Meyvəsi tək sarı deyil, qırmızı rəngdə də olur. Qırmızı bananların məti çox incə olduğu üçün onun uzaq ölkələrə daşınması çətindir. 


Bananın tərkibində B6 vitamini digər meyvələrə nisbətən daha çoxdur. Bu vitaminin yaxşı əhval-ruhiyyə doğurduğu məlumdur. Məhsulun miqdarına görə bananlar üzümü qabaqlayaraq və portağaldan geri qalaraq dünyada ikinci yeri tutur.


Banan bitkisi isti hava sevdiyi üçün tropik iqlim qurşaqlarında və ekvatora yaxın ölkələrdə becərilir. Buraya Afrika, Latın Amerikası, Karib və Sakit Okean hövzəsi ölkələri aiddir. Bu regionların əksəriyyəti bananı əsasən daxili qida məhsulu kimi becərir və təxminən 5 faizi sənaye miqyasında banan ixracatı ilə məşğul olur. Hindistan və Braziliya dünyada ən çox banan yetişdirən ölkələrdir.


Banan kartofdan təxminən 1,5 dəfə çox qidalıdır. Qurudulmuş bananın tərkibində isə pendirə nisbətən 5 dəfə çox kalori var. Latın dilində banan “müdrik insanın meyvəsi” mənasına gələn “musa sapientum” adlanır.