Şeirlər

Aləmzər Əlizadə. Yanıltmaclar

XALXALA GİRDİ

Xallı qoyunun
Xallı balası,
Hardadır, harda?
A xala, xala,
Xallı qoyunun
Xallı balası
Girdi xalxala.

 

 

 

 

PİŞİ

Nənəm pişi bişirir,
Pişənləri düşürür.
Pişik də gözləyir,
Pişini bişsin.
Pişik də gözləyir,
Xəlvətə düşsün.
Başım qarışan kimi,
Pişik yedi pişini,
Pişik yedi beşini.
-Pişt, pişt dedim pişiyə
Pişik qaçdı eşiyə.
Pişik qalsən eşikdə,
Qoy üşüyə-üşüyə.

 

SARMAŞIQ

Sarmaşır
ağaca
sarmaşıq.
Dırmaşır
ağaca
sarmaşıq.
Uzanır
hər yerə
sarmaşıq.
İncədir.
zərifdir
ləçəyi.
Rəngbərəng
Şeypurdur
çiçəyi.
Başını
şeypura
salacaq
arılar.
Vızhavız
şeypuru
çalacaq
arılar.

 

 

XALI

Xallıdı
Xalamın
Xalısı.
Xalını
Toxuyub
Xalamın
Xalası.


 

NƏNƏMİN KÜPÜ

Nənəmin küpü yekədi,
Küpünün qulpu ikidi.
Deyirəm ki, ay nənə,
Hərdən yada sal küpü.
Mən onu xoşlayıram,
Bal küpüdü, bal küpü.

 
KEÇİDDƏN KEÇ

Keçidi qoyub Elçin
Keçir maşın yolundan.
Polis əmi də gəlib,
Tutur onun qolundan,
Deyir: - Bircə maşın da
Keçiddən keçirmi heç?
Keçmə onun yolundan,
Sən də keçidindən keç.

 

 

 

BACIMIN BALINCI

Bir üzü
Qırmızı,
Bir üzü
Narıncı.
Balaca
Bacımın
Balaca
Balıncı,
Girdədir.
Görərsən,
Həmişə
Yerdədir.
O buna,
Bu ona
Atacaq
Balıncı.
Tullayın
Məstana,
Üstündə
Yatacaq
Balıncın.