Xəbərlər

Sumqayıtda III Uşaq Paralimpiya İdman Oyunları keçirilir

Sumqayıt, 11 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

 

Dekabrın 11-də Sumqayıt şəhərindəki Paralimpiya İdman Kompleksində III Uşaq Paralimpiya İdman Oyunlarına start verilib. Oyunlar UNICEF-in və “Azercell Telecom”un dəstəyi ilə keçirilir.

 

AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, “Azercell” Telecom MMC-nin prezidenti Vahid Mürsəlimov, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu, Əməkdar İdman Ustası, “Şöhrət” ordenli İlham Zəkiyev və Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti, Uşaq Paralimpiya Komitəsinin idarə heyətinin sədri Natiq Qasımov yarış iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıblar.

 

Bildirilib ki, Milli Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürüb. 2013-cü ilin sentyabr ayında Komitənin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

 

Çıxışlardan sonra dövlət himni səsləndirilib, oyunlara start verilib.

 

Yarışlara Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 8 regiondan sağlamlıq imkanları məhdud 110 uşaq qatılıb. Onlar 7 idman növündə (boccia, cüdo, üzgüçülük, qolbol, masaüstü tennis, parataekvando və əlil arabasında idman rəqsi) 19 dəst medal uğrunda mübarizə aparırlar.

 

Yarışın qalibləri və mükafatçılar Milli Paralimpiya Komitəsinin diplom, medal və kuboku, həmçinin “Azercell Telecom” MMC-nin qiymətli hədiyyələri ilə təltif olunacaqlar.