Nağıllar, hekayələr

Qarışqalar

Qaranquş xəbər gətirdi:


–Bahar gəlir, bahar gəlir!


Quşlar, heyvanlar, güllər sevindi. Təkcə armud ağacı kədərləndi. Ayı soruşdu:


–Ay armud ağacı, niyə sevinmirsən? Yarpaqların açılar, dadlı-dadlı meyvən olar. Yoxsa, istəmirsən mey-vələrindən yeyəm?


Armud ağacı dedi:


–Başqaları meyvələrim-dən yeyəndə bilirsən necə sevinirəm, amma tırtıllar yarpaqlarımı yeyirlər...


Ayı dedi:


– Mən sənə kömək edərəm.


Ayı ağaca çıxdı. Tırtılları tutmaq istədi. Nazik budaq onun ağırlığına tab gətirmədi. Ayı səndələyib yerə düşdü.


Ağacdələn dedi:


– Mən sənə kömək edərəm.


O, budağa qondu. Dimdiyi ilə tırtılları yeməyə başladı. Yarpaqlar deşik-deşik oldu.


Qarışqa dedi:


– Mən sənə kömək edərəm.


Ağac güldü:


– Ayı, ağacdələn mənə kömək edə bilmədi. Sən necə kömək edəcəksən?


Bu sözlər qarışqanın xoşuna gəlmədi. Yuvasına getdi. Əhvalatı yoldaşlarına danışdı. Axşam hamı yatanda qarışqalar ağaca dırmaşdılar, tırtılların hamısını məhv etdilər.


Səhər açılanda ağac yarpaqlarını sağ-salamat görüb təəccübləndi. Yerdə çoxlu tırtıl vardı yorğun qarışqalar isə ağacdan düşüb, yuvalarına qayıdırdılar.