Xəbərlər

Şahmat üzrə respublika birinciliyinin final oyunlarına start verilib

Göyçay, 13 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC

 

 

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Göyçay Rayon Uşaq Gənclər Şahmat Məktəbində respublika birinciliyinin final oyunlarına start verilib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uşaq və yeniyetmələr arasında keçirilən yarışların açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, “Təhsil” Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından, qazanılan uğurlardan, uşaq və yeniyetmələrin şahmat idman növünə cəlb edilməsi istiqamətində görülən işlərdən danışıblar.

 

Məlumat verilib ki, Göyçayda dekabrın 12-dən 18-dək keçiriləcək şahmat üzrə respublika birinciliyinin final mərhələsində 30 şəhər və rayondan 160 nəfər iştirak edir. Yeddi yaşdan 17 yaşadək olan qız və oğlanlar 12 yaş qrupu üzrə mükafatlar uğrunda mübarizə aparırlar.

 

Bu oyunlardan öncə ölkəmizin 6 regionunda respublika birinciliyinin zona yarışları keçirilib. Həmin yarışlarda ilk 2 yeri tutan şahmatçılar final mərhələsində iştirak edir. Yarışlar 10 yaş qrupu üzrə İsveçrə sistemi ilə, iki yaş qrupu üzrə dairəvi sistemlə keçirilir.

 

Sonra yarışlara start verilib.

 

Şahmat birinciliyindəki oyunlar internetdə www.cheese24.de saytı vasitəsilə canlı yayımlanır. Respublika dərəcəli hakim, Əməkdar məşqçi Kamran Salehovun rəhbərlik etdiyi 12 hakim tərəfindən idarə olunan ölkə birinciliyində qızıl və gümüş medal qazanan şahmatçılar ölkəmizi Avropa və dünya çempionatlarında təmsil etmək hüququ əldə edəcəklər.