Xəbərlər

Məktəblilər üçün icra edilən “Gəzək, görək, öyrənək” adlı layihə yekunlaşıb

Göygöl, 13 dekabr, Rauf Hacıyev, AZƏRTAC

 


Göygöl rayonunda “Gəzək, görək, öyrənək” adlı layihənin yekun hesabatı olub. 


Layihənin rəhbəri Elnur Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, layihənin məqsədi şagirdlərin elmi və məlumatlılıq səviyyəsini artırmaq üçün qeyri-standart dərslərin (dərs-ekskursiya, dərs-diskussiya, dərs-muzey və sair) təşkili yolu ilə maraqlı və effektiv öyrənməni təmin etmək, həmçinin şagirdlərdə elmi araşdırmalar üzrə ilkin vərdişləri, əldə etdikləri bilikləri layihə şəklində təqdimetmə bacarıqlarını formalaşdırmaq olub. 


Layihə çərçivəsində şagirdlərə peşəkar araşdırma, məlumat toplama, təqdimat hazırlama və təqdimetmə barədə qısamüddətli təlimlər keçirilib, səfər olunacaq məkanların araşdırılması barədə tapşırıq verilib və onların ilkin təqdimatları toplanıb. 


İlk ekskursiyanın 2017-ci il noyabrın 19-20-də təşkil olunduğunu deyən Elnur Hacıyev  bildirib ki, bu ekskursiyada şagirdlər Nizami Gəncəvinin məqbərə kompleksinə, şairin həyat və yaradıcılığının geniş əks olunduğu muzeyə, Şəki xan sarayına, Qobustan dövlət tarixi-bədii qoruğuna səfər ediblər. 


Həmçinin layihə iştirakçıları AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, Arxeologiya və Etnoqrafiya İnstitutunda alim və mütəxəssislərin iştirakı ilə təşkil olunmuş diskussiyalarda iştirak ediblər. Burada alim və mütəxəssislər tərəfindən layihə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Noyabrın 26-27-də layihə iştirakçıları Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya ediblər. Səfər zamanı mütəxəssislər tərəfindən rəsədxananın tarixi, fəaliyyət imkanları, eləcə də astrofizika elmi və bu sahədəki yeniliklər barədə şagirdlərə maraqlı məlumatlar verilib.


Layihə iştirakçılarının ekskursiyası Yüksək Texnologiyalar Parkına səfərlə yekunlaşıb. Texnoparka səfər zamanı şagirdlər buranın yaradılması və iş fəaliyyəti haqqında məlumatlandırılıblar. Həmçinin Azərbaycanda Yüksək Texnologiyaların tətbiqi sahəsində yeni startaplarla bağlı maraqlı diskussiya təşkil olunub. 


Elnur Hacıyev bildirib ki, sonda şagirdlər ekskursiya müddətində topladıqları yeni biliklər əsasında məlumat kitabçası və məlumat guşəsi hazırlayıblar.