Xəbərlər

Bakı məktəblisi beynəlxalq rus dili olimpiadasının qalibi adını qazanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyanın VIII sinif şagirdi Aydan Məmmədzadə Moskvada keçirilən XV beynəlxalq rus dili olimpiadasının finalında mütləq qalib olub.


BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, o, xarici ölkələrin məktəbliləri üçün təşkil edilən olimpiadada birinci dərəcəli diploma və yarış çərçivəsində keçirilən “Gənc natiq” müsabiqəsinin qalibi adına layiq görülüb. A.Məmmədzadə gələcəkdə Rusiya ali məktəblərində filologiya və linqvistika istiqamətlərində proqramlar üzrə ödənişsiz təhsil almaq hüququ da qazanıb.


Qeyd edək ki, XV beynəlxalq rus dili olimpiadasının seçim turuna 44 ölkədən 2500-dən artıq məktəbli qatılıb. Onlardan 31 ölkəni təmsil edən 150 şagird finala yüksəlib. Olimpiadanın final mərhələsində məktəblilərdən 10 nəfəri mütləq qalib adına layiq görülüb.


1972-ci ildən təşkil olunan olimpiadanın seçim mərhələsi və yarımfinalı “Rus dilində təhsil” portalında distant formada, finalı isə Moskvada əyani şəkildə keçirilir.