Xəbərlər

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadadan medallarla qayıdıblar

Niderlandda keçirilən yeniyetmələrin 14-cü beynəlxalq elm olimpiadasında Azərbaycan məktəbliləri beş medal qazanıblar.


Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 50-dən çox ölkənin qatıldığı bu mötəbər elm yarışında Azərbaycan məktəbliləri fizika, kimya və biologiya fənləri üzrə biliklərini nümayiş etdiriblər.

 

Təhsil Nazirliyinin tabeliyindəki kimya-biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Kənan Ağayev və Əli Əliyev, Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyinin X sinif şagirdi Turan Bayramlı, Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi Turan Məmmədli və Ağdaş şəhəri M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın eksperimental pilot siniflərinin X sinif şagirdi Fərid Əliyev olimpiadanın bürünc medalına layiq görülüblər.


Yeniyetmələrin beynəlxalq elm olimpiadası iki nəzəri və bir təcrübi tur olmaqla ümumilikdə üç mərhələdə keçirilir. 2004-cü ildən etibarən Azərbaycan məktəbliləri bu olimpiadada ümumilikdə 4 gümüş, 33 bürünc olmaqla 37 medal qazanıblar.