Xəbərlər

Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib

Qazax, 14 noyabr, AZƏRTAC

 


Otuz bir ildən çoxdur ki, fəaliyyət göstərən Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib. Mütəmadi olaraq bu məkana üz tutan ali təhsil ocaqlarının tələbələri, orta məktəblərin şagirdləri burada Azərbaycan tarixini, Qarabağ münaqişəsini, multikultural dəyərləri və ölkəmizin füsunkar təbiətini əks etdirən şəkillərlə tanış olurlar.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq bir həftədir tələbə və şagirdlərin qalereyaya ekskursiyaları təşkil olunur. Belə ki, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax  Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, şəhər və kənd tam orta məktəblərinin şagirdləri qalereyada nümayiş olunan Azərbaycanın görkəmli rəssamlarının əsərləri haqqında məlumatlar əldə edirlər.


Hazırda qalereyada 548 əsər nümayiş olunur.


Qalereyadakı əsərlərlə tanış olan Bakı Dövlət Universitetinin Qazax filialının şöbə müdiri Qasım Əliyev, tələbələrdən Ələmdar Əsgərov, Aysel Məlikzadə, Roza Mansırova, Ayşən Rzayeva, Nübar Rüstəmova və başqaları qeyd ediblər ki, istər tələbələrin, istərsə də orta məktəb şagirdlərinin rəssamlarımızın əl işləri ilə yaxından tanış olmasında bu cür tədbirlərin böyük əhəmiyyəti var.

 

Onlar mütəmadi olaraq qalereyaya baş çəkdiklərini və hər dəfə də yeni rəsm əsərləri, gənc rəssamların maraqlı əl işləri ilə tanış olduqlarını söyləyiblər.