Bu maraqlıdır!

Uzaq Pangeya

Planetimizin struktur quruluşu haqqında, yəqin ki, məlumatınız var. Ancaq okean haqqında söhbətlərimiz daha sadə və aydın olsun deyə, Yerin quruluşunun bəzi xüsusiyyətlərini yenidən xatırlatmaq istərdik.


Okeanologiyada son kəşflər qlobal geologiya ilə sıx bağlıdır. “Tərpənən qitələr” konsepsiyası da, əslində, okeandan daha çox, Yerin quruluşu ilə əlaqəlidir. Məsələ burasındadır ki, Yerin relyefinin əmələ gəlməsində okean çox böyük rol oynayır və onların hansındasa baş verən prosesi digərinin bilavasitə iştirakı olmadan təsəvvür etmək mümkün deyil.


“Tərpənən qitələr” konsepsiyasının müəllifi Alfred Vegener (1880-1930) Yer üzündə ilkin quru sahəsinin yalnız bir qitədən - Pangeyadan ibarət olduğunu iddia edirdi. Onun irəli sürdüyü mülahizəyə görə, 200 milyon il əvvəl Pangeyada çatlar əmələ gəlməyə başlayıb, yeni qitələr tədricən aralanaraq bugünkü vəziyyətlərini alıblar. 1960-1965-ci illərə qədər bu konsepsiyanı çox ciddi elmi nüfuzu olan okeanoloqlar da qəbul etmirdilər. Çünki o zaman Yer haqqında formalaşmış elmi dünyagörüşü qitələri tərpədə biləcək enerjinin necə və haradan yaranmasını izah edə bilmirdi.

 
“Tərpənən qitələr”lə yanaşı, okeanın təkində müşahidə olunan artım, boyvermə prosesi haqqında fikirlər də meydana çıxmışdı. Boyvermə okean sıra dağlarının oxundan yanlara doğru meylli idi və bu hadisə okeanologiyada spredinq adlanır.


Uzun zaman aparılan müşahidələr, yığılmış, lakin hələ dərin təhlil olunub nizama salınmamış faktlar, nəhayət, yeni bir konsepsiyanın - litosfer plitələr tektonikası nəzəriyyəsinin yaranması ilə nəticələndi. Bu nəzəriyyə həm Yerin quruluşu və dinamikası, həm de okeanın xarakterindəki bəzi xüsusiyyətləri sadə şəkildə izah edən çox mühüm inqilabi bir kəşf oldu.