Şeirlər

Rəfiqə Qasımqızı. Ayın şəklini gördü

Aynur eyvana çıxıb,
Gördü, su var ləyəndə.
Ayın şəklini gördü,
O başını əyəndə.

 

Gördü göyün üzündə,
Ay da var, ulduz da var.
Soruşdu bəs ləyənə,
Necə yerləşib onlar?

 

Ayı tutmaq istədi,
Əlini saldı suya.
Balaca əlləriylə,
Ayı "tutacaq" guya.

 

Çimizdirmək istədi,
Ləyəndə təkcə ayı.
Ulduzlar qalsın:-dedi,
Çoxdu onların sayı.

 

Suyu dalğalandırdı,
"Əzik-üzük"oldu ay.
Başladı ağlamağa,
Yamanca saldı haray.