Şeirlər

Rafiq Yusifoğlu. “Pəncərədən baxan güllər”

Evin havası pisdi,
Susur fağır çiçəklər.
Söykəyərək başını
Pəncərə şüşəsinə
Yola baxır çiçəklər.
Xatırlayır çölləri,
Xatırlayır düzləri.
Elə bil ki, yol çəkir
Bu güllərin gözləri.
Günəş öpür onları
Şüşənin o üzündən.
Silir göz yaşlarını
Çiçəklərin gözündən.
Yaxşı ki, insaflıdı,
Qəlbi kövrəkdi şüşə.
Çiçəkləri öpəndə
Mane olmur günəşə…