Odlar Yurdu

Azərbaycanda ilk telefon xətti nə vaxt çəkilib?

İlk məktubun harada, kim tərəfindən yazılmasından asılı olmayaraq, onun hansı vasitə ilə çatdırılması insanları hər zaman düşündürüb. Beləliklə, qasidlər, çaparlar, dəvə karvanları və digər formada rabitə əlaqələri yaranıb.


 Bu da böyük vaxt və əziyyət hesabına başa  gəldiyi üçün başqa yollar axtarılıb. Sonralar post, teleqraf, telefon kimi rabitə vasitələri meydana gəlib. 


Azərbaycanda da rabitənin tarixi çox qədimdir. Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulub. Müasir formada poçtun yaranması isə XIX əsrin birinci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. 


Bundan 42 il sonra isə Bakı Quberniyasının nəzdində Bakı poçtamtı təşkil edilib. Bu istiqamətdə görülən bütün işlərin nəticəsi olaraq 1881-ci ilin yanvar ayında Nobel Qardaşları Cəmiyyəti telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də buna icazə verilib. Həmin il noyabrın 23-də “Nobel Qardaşları Cəmiyyətinin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən 6 kilometr uzunluğunda ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab edilir və telefon rabitəsinin yaradılması bu tarixdən hesablanır.