Xəbərlər

Milli İncəsənət Muzeyində azyaşlı uşaqlar üçün maraqlı proqram hazırlanıb

Bakı, 13 may, AZƏRTAC
 
Mayın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində azyaşlı uşaqlar üçün maraqlı proqram hazırlanıb keçirilmişdir.
 
Uşaqlar muzeyin ekspozisiyasına baxmış, Nigar Rəfibəyli və Rəsul Rzanın uşaqlar üçün yazdıqları şeirlərə interaktiv formada tanış olmuş, hədsiz sevinc və marağa səbəb olmuş kölgə tamaşasını seyr etmişdilər. Onlara Nigar Rəfibəyli və Rəsul Rzanın uşaq kitabları hədiyyə olunmuşdur.
 
Muzey uşaq proqramlarının yalnız maraqlı və əyləncəli deyil, eyni zamanda düşündürücü, maarifləndirici olmasına çalışır. Muzeydə ilk addımlarını atan kölgə teatrı körpələr və məktəblilərin nağıl qəhrəmanlarının sehrli dünyasına daxil olmasına fürsət yaradır. Teatrda müxtəlif yaş həddləri üçün maraqlı tamaşalar səhnələşdirilir. Muzeydə bu cür tədbirlərin gələcəkdə də keçirilməsi planlaşdırılır.