Xəbərlər

Əhəmiyyət verilməyən “qorxular” gələcəkdə fobiyə çevrilə bilər

Bakı, 13 yanvar, AZƏRTAC 

 


Uşaqlar böyüklər kimi ilk dəfə yaşadıqları bir hadisəyə reaksiya verirlər, bəzən onlar bunun nəticəsində qorxu da hiss edə bilərlər. Su qorxusunun bunlardan biri olduğunu deyən mütəxəssislər uşaqlıq dövründə qorxuların fobiyə çevrilə biləcəyinə diqqət çəkirlər. 

 

AZƏRTAC xəbər verir ki, türkiyəli psixoloq Aycan Bulut Konca bununla bağlı araşdırma aparıb. 

 

Psixoloq bildirib ki, uşaqlar su qorxusu səbəbindən duş almaq istəmədiyi kimi, dəniz və ya hovuza da girmək istəmirlər. Bu da valideynlər üçün problem yaradır. Qorxu öyrənilə bilən bir anlayışdır.

 

Buna görə də uşaqlar qorxu hissini dünyaya gələndə deyil, sonradan keçirirlər.

 

Uşağın suya görə hiss etdiyi qorxunun fərqli səbəbləri ola bilər. Bu, xüsusilə valideynlərin uşağa qarşı pis münasibət göstərməsi və davranışlarında “qəddar” olması kimi mənfi hallardan qaynaqlana bilər.

 

Həmin qorxunun qarşısını almaq üçün valideynlər övladlarını suya uyğunlaşdırmalı və onların suyu sevməsi üçün lazımi şərait yaratmalıdır.