Xəbərlər

Uşaqlar üçün maarifləndirici və əyləncəli tədbir keçirilib

Bakı, 16 yanvar, AZƏRTAC

 


“Libraff” kitab mağazaları şəbəkəsi və Avropa Azərbaycan Məktəbinin (EAS) birgə əməkdaşlığı ilə uşaqlar üçün maarifləndirici və əyləncəli tədbir keçirilib. 


Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri keçirməkdə məqsəd tədris prosesində əla nəticələr əldə etmiş şagirdləri oxumağa və xüsusilə də ana dilimizdə mütaliəyə təşviq etmək üçün mükafatlandırmaq olub. Həmçinin tanınmış uşaq yazarı Reyhan Yusifqızının imza günü tədbiri də təşkil olunub.


Tədbirdə çıxış edən Avropa Azərbaycan Məktəbinin direktoru Qarri Qrippin uşaqların ana dilini mükəmməl bilməsinin əhəmiyyətindən danışıb. Sonra şagirdlərə TEAS Press Nəşriyyat evinə məxsus əmtəə nişanı olan “3 alma” nəşriyyatı adından “Mimi”, “Köhlən at” və “Qrin Qeyblz malikanəsinin qızı Anni” kitabları hədiyyə olunub. 


Reyhan Yusifqızı uşaqlara müəllifi olduğu kitabın qəhrəmanı “Mimi”nin timsalında yüksək texnologiyaların əhəmiyyətindən və onun müasir cəmiyyətin inkişafına göstərdiyi misilsiz təsirindən bəhs edib. Yazıçı hədiyyə olunan kitabları imzalayıb. 


Daha sonra kitabın illüstratoru rəssam Səbinə Vəzirova balaca qonaqlara “Mimi” qəhrəmanını necə yaratdığını məktəblilərə izah edib.


Reyhan Yusifqızının sözügedən kitabında ikinci sinif şagirdi Aylinin yaşlı professorun evində yaşayan “Mimi” adlı qeyri-adi siçanla dostluğundan bəhs edilir. Tanınmış alim Lutfi Zadənin prototipi kimi qələmə alınmış professor oyuncaq siçanını əməliyyat edərək ona süni beyin yerləşdirir. “Mimi” insan kimi danışır, hərəkət edir, riyaziyyatı bilir. Aylinə riyaziyyat tapşırıqlarında kömək edir, onunla birlikdə musiqiyə qulaq asıb, rəqs edirlər. 


Qeyd edək ki, Reyhan Yusifqızı (Şıxlinskaya) Azərbaycan yazıçısı, Yazıçılar Birliyinin üzvü, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlərin müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosentdir. Vaxtaşırı məktəblərdə və kitab evlərində oxucularla görüşlər keçirir. Məktəb tamaşalarına ssenarilər yazır. Rəqəmləri və riyazi məsələləri çox sevir. Yazıçının dediyinə görə, uşaqlıqda onun “Mimi” adlı oyuncaq siçanı olub. Yazıçı inanır ki, yüksək texnologiyaların inkişafı erasında oyuncaqlar artıq uşaqlarla danışacaqlar. O, “Mimi”ni bütün uşaqlara sevdirmək istəyir. Ən böyük arzusu isə onun haqqında cizgi filminin çəkilməsidir.