Bu maraqlıdır!

Şərqi Afrika Sınma Zolağı

Yer qabığının ən uzun çatı olan Böyük Afrika Rifti tədricən genişlənərək, 6750 kilometr uzanır. Vaxtı gələndə Şərqi Afrika qopub qitədən  ayrılacaq, Qırmızı dəniz isə Afrikanı Ərəbistan yarımadasından ayıraraq Aralıq dənizi ilə  birləşəcəkdir. 
 
Böyük  rift vadisinin bütün dağları vulkanik mənşəlidir. Sınma zolağının ən yüksək  vulkanı Kilimancarodur. Zirvəsi qarla örtülü olan Kilimancaronun azı bir milyon il yaşı var.  Sınma zolağının şimalında gənc və güclü Erta Ale vulkanı yerləşir. Onun zirvəsində hər an daşmağa hazır olan  lava gölü yerləşir. Çat və vulkanlardan axıb gələn maqma  bazalt tərkibli yaylalar əmələ gətirib.
 
Şərqi Afrika Sınma Zolağı  vadi, düzənlik, dərə və qədim vulkanların kraterlərindən ibarətdir.  Bu mürəkkəb sistem insana qitələrin əmələ gəlməsi və dünya okeanının yaranması barədə məlumat verir.
 
Böyük Afrika Rifti iki hissəyə bölünür. Qərb riftini istənilən xəritədə tapmaq olar:  Afrikanın  ən böyük gölləri bu zonada yerləşir. Buradan   600 kilometr  şərqə doğru -  Keniyadan Tanzaniya sərhədinə qədər onun digər qolu -  Şərq rifti  uzanır.  
 
Burada həyat şəraiti çox müxtəlifdir. Vadilərə dözülməz isti hakim kəsilib.  Lakin cəmi bir neçə kilometr aralıda - dağlarda sulu qar yağır.  Nqoronqo kraterində, demək olar, quraqlıq olmur. Buranın sakinləri heç vaxt ac qalmır. Serengeti düzənliyində isə  heyvanlar su tapmaq üçün miqrasiya edir. Bəzi göllər susuzluqdan xilas edir, bəzilərinin sularına toxunmaq təhlükəlidir. Sınma zolağı nadir ekoloji sistemdir. Burada hətta qədim insan izlərinə təsadüf edilir. Oldovay yarğanında düz gəzən insanın kəlləsi tapılıb. Təqribən 1,6 milyon il əvvəl burada uzaq əcdadlarımız yaşayıb. 
 
Yaylalarda, savannada ucsuz-bucaqsız vəhşi heyvan sürüləri otlayır.  Təkcə Serengetidə  4,5 milyondan çox dırnaqlı vardır. Kraterli dağlıq ərazi  fil, kəl, şir, hepard, bəbir, ceyran, zebr və antilopların məskənidir.  Dağlar nə qədər ucadırsa,  heyvanat və bitki aləmi ilə bir o qədər zəngindir. Milyonlarla il əvvəl buralarda məskunlaşan heyvanlar bir növ tələyə düşüb, belə ki uçurumlar və dağ zirvələri  onların bütün Afrikaya yayılmasına imkan vermir.
Riftin şimal hissəsində  - Efiopiya yaylasında  ağ-qara rəngli kolobuslar – uzun tüklü  meymunlar  yaşayır.  Bu yaxınlarda Tanzaniyada, Udzunqva dağlarında kipunci adlı yeni meymun növü aşkar edilib. Sönmüş Virunqa vulkanlarının yamaclarında ən böyük və nadir primatlar - dağ qorillaları yaşayır. Hazırda bu maraqlı heyvanların sayı 800-dən azdır.
 
Bu maraqlıdır:  Tanzaniyada yerləşən Natron adlı  duzlu gölün suyunun tərkibi insan dərisini əridən təhlükəli mineral kokteyldən ibarətdir.  Lakin bu göl qızılqaz quşları üçün əsl yeməkxanadır. Bu quşların qidalandıqları mikroorqanizmlərin tərkibində onların lələklərini çəhrayı rəngə boyayan  piqment vardır.