Odlar Yurdu

Bakıda gəzinti: Səadət sarayı və Muxtarovların sevgisi

Bakı gözəl memarlığı – tarixi binaların möhtəşəmliyi ilə həmişə məşhur olub və bu gün də turistləri heyran edir. Gəzinti vaxtı seyr etdiyimiz bu gözəl binaların hər birinin öz tarixi, orada yaşamış insanların öz hekayətləri var. 
 
Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən Səadət sarayı həm də Muxtarovun evi kimi tanınır. Binanın inşası – Bakı milyonçusu Murtuza Muxtarov və onun həyat yoldaşı Yelizavetanın gözəl sevgi hekayəsini yada salır. 
 
Murtuza Muxtarov Əmircan qəsəbəsində fəhlə ailəsində dünyaya göz açmışdı. Onun babası və atası araba ilə mədənlərdən neft daşıyar və bunun müqabilində onlara verilən pulla ailəni saxlayardılar. Bu cür çətinlikdən qurtarmağa can atan Murtuza 15 yaşında - 1870-ci ildə mədəndə işə düzəlib. Tənbəllik etməyən, öhdəsinə düşən bütün işləri görən Murtuza mədəndə hər bir avadanlıqla da yaxından maraqlanırdı.
 
Oğlanın çalışqanlığı diqqətdən yayınmadı; ona dəzgah və maşınları etibar etdilər, usta vəzifəsinə keçirdilər. İşinin öhdəsindən yaxşı gəldiyi üçün tezliklə onu bütün avadanlıq üzərinə nəzarətçi qoydular. 1890-cı ildə isə Murtuza öz qazma kontorunu yaratdı. Beş ildən sonra o, öz qazma sisteminə patent aldı və bu sistem “neft” aləmində “Muxtarov” sistemi kimi tanındı. Daha sonra avadanlıq istehsalı zavodu, onun ardınca fəhlələr üçün ayrıca ev tikdirən Muxtarov bütöv mədənləri və sahələri almağa başladı və beləliklə də varlandı. 
 
M.Muxtarov Vladiqafqaza işgüzar səfərlərinin birində osetin generalı Tuqanov və onun ailəsi ilə tanış olur. Generalın ortancıl qızı Lizanın gözəlliyinə və kübar davranışına valeh olan Murtuza onunla ailə qurmaq qərarına gəlir. Əvvəlcə Tuqanovlar öz qızlarını “rəiyyətə” vermək istəmədilər, lakin həmin vaxta qədər Murtuza Muxtarov kifayət qədər məşhurlaşmış və yüksək dairəyə daxil olmuşdu. 
 
Təzəcə toyu olmuş cütlük Avropa səyahətinə çıxır. Venesiyanın möhtəşəm memarlığına valeh olmuş Murtuza Muxtarov qayıdandan sonra sevimli arvadına saray tikdirməyi qərara alır. Memar İosif Ploşko (İsmailiyyə binasının layihə müəllifi) tərəfindən layihələndirilən saray cəmi bir ilə (1911-1912) tikilir. Qotika üslubunda tikilmiş bina öz kompozisiya həlli ilə seçilirdi. 
 
Ölkənin ictimai həyatında fəal olan gənc Yelizaveta “Nicat” cəmiyyətində işləyir, uşaqlar üçün xəstəxana yaradılmasında iştirak edir, Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinə rəhbərlik edir. O, öz övladı olmasa da, malikanəsində yetim qızlar üçün pansion açır, bir ana kimi onların qayğısına qalır. 
 
Sarayın xoşbəxt həyatı qəfildən pozulur – bolşeviklərin hakimiyyətə gəlişi ilə mülk sahiblərinin əlindən alınır. Muxtarovların ailəsi və qohumları Gürcüstana gedir. Murtuza özü isə süvari dəstəni cəsarətlə qarşılayır, onları güllələyir, sonuncu gülləni isə özünə vurur...
 
Bolşevik işğalından sonra binada Əli Bayramov adına Qadınlar Klubu yerləşdirildi. Sonra orada Şirvanşahlar muzeyi yaradılıb. Daha sonra bura nikah sarayı olub. Əsaslı təmir və yenidənqurmadan sonra Səadət sarayı 2012-ci ildə istifadəyə verilib. 
 
Maraqlı faktlar:
 
Saray Naxçıvandan olan, Bakıda yaxşı inşaatçı kimi tanınmış Qasımov qardaşları tərəfindən tikilib. Onlar üç qardaş idi: Hacı, Əli və İmran. Kiçik qardaş İmran tikilməkdə olan binanın eyvanında əsgər heykəlini yerləşdirərkən yerə yıxılıb və ölüb. Bir neçə il sonra Hacı dünyaya gələn nəvəsinə qardaşının adını qoyub. Bu, gələcəyin məşhur yazıçısı, “Uzaq sahillərdə” romanının müəllifi İmran Qasımov idi.
 
İlkin layihəyə görə, Muxtarovun evi yaxınlıqda yerləşən Aleksandr Nevski kilsəsindən hündür olmalı idi. Lakin hökumət orqanları buna yol verə bilməzdi. Çünki kilsə şəhərin ən görməli yeri idi və bir bina belə ondan hündür olmamalı idi. 
 
1924-cü ildə Klara Setkin Əli Bayramov adına Qadınlar Klubuna gedib və Azərbaycan qadınlarının zəhmətsevərləyinə heyran olub. Sonralar o, “Qafqaz od içində” kitabında yazıb: “Müsəlman qadınlarında yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti şüuru və insan hüquqlarını əldə etmək səyi oyanır. Müsəlman qadınların klubu bu cəhətdən, böyük vəzirin qızının dəbli Avropa kostyumuna və ya bir neçə zəngin müsəlman qızın Parisdə, Londonda və ya Berlində təhsil almasına baxmayaraq, güclü və inandırıcı sübut kimi çıxış edir”.