Odlar Yurdu

Bakı zooparkında heyvanlar aləminə səyahət

Bakı Heyvanat Parkının əsası 90 il əvvəl qoyulub. Zooparkın sahəsi 4 hektardan artıqdır. Burada 159 növə aid 1400–dən çox heyvan var. Onların arasında Azərbaycan ərazisində rast gəlinməyən, adları “Qırmızı Kitab”a düşmüş heyvanları da görmək olar: pələng, yaquar, leopard, Afrika aslanları, ilan, Dağıstan turu və s.


Zooparkın ən gənc sakini yenicə doğulmuş makaka meymunudur. Bundan başqa, Sultan toyuğu, Avstriya keçisi, Kamerun keçisi, uzunquyruq meymunlar arasında da yeni dünyaya gələnlər var. Zooparkın “qoca” sakinlərinə isə 16-18 yaşlı qonur ayını, dəvə və aslanları misal göstərmək olar.

 

Heyvanat parkına hər yaşdan olan insanlar gəlir, lakin əsas üstünlüyü uşaqlar təşkil edir. Digər ölkələrdən gələn turistlər də çox olur.

 

Ziyarətçilərin heyvanları yedizdirməsinə, qoyulan səddi keçməsinə, qəfəslərə toxunmasına icazə verilmir. Lakin dovşan, keçi kimi heyvanlara meyvə-tərəvəzləri əllə yedizdirmək üçün ayrıca guşə təşkil edilib. 

 

Hər bir heyvanın öz qida rasionu var və onu pozmaq həmin heyvana zərər vura bilər. Ziyarətçilərin, xüsusən uşaqların bunu bilməsi, qaydalara əməl etməsi vacibdir. 

 

Heyvanat Parkı əlil və xəstə uşaqların zooparkı ziyarət etməsinə, canlı aləmin nümayəndələri ilə yaxından tanış olmasına şərait yaradır. Onların zooparka girişi pulsuzdur.