Bu maraqlıdır!

Sak-Aktun – dünyanın ən iri yeraltı çayı

Meksikanın Kintana-Roo ştatında, Yukatan yarımadasında, Tulum şəhəri yaxınlığında yeraltı cəngəllik mağaraları labirintində Sak-Aktun (Sac Actun) çayı axır. O, dünyanın ən uzun yeraltı çayıdır. Bundan əlavə, Sak-Aktun ölçüsünə görə dünyanın ikinci mağara sistemi sayılır.


Sak-Aktun Maya dilində “ağ mağara” mənasını verir. Meksikanın ən məşhur yeraltı çayı 1989-cu ildə 2 amerikalı akvalanqçı-speleoloq tərəfindən aşkarlanıb. O, təxminən 65 milyon il bundan əvvəl meteoritin düşməsi nəticəsində yaranıb.

 

Həmin vaxt yer səthində çox sayda iri çatlar əmələ gəlib və sonradan onlar yağış suları ilə dolub. Hazırda çayın alimlər tərəfindən aşkarlanan uzunluğu 317,5 kilometrdir ki, bunun da 311,7 kilometri yerin altından axır.


Sak-Aktun tək Yukatan yarımadasının deyil, bütün Meksikanın görməli yerlərindən biridir. Turistlər burada nəinki stalaktitlərə və stalaqmitlərə baxa, həmçinin bu yerin gözəlliklərini tam görmək üçün suyun dərinliklərinə də enə bilərlər.


Bu yeraltı çayın suları çoxsaylı mineralla zəngindir. Çayda suyun hərarəti 23-24 dərəcə olur və kristal şəffaflığa malikdir. Təbiətin bu gözəl möcüzəsi bir çox canlının yaşayış yeridir. Burada nəhəng dəniz xərçənginə, naqqa balığına, şirin su xərçənginə və yarasaların bir neçə növünə rast gəlmək olar.