Təbiət

Boz yırtıcı

Canavar sözü sizdə hansı assosiasiyalar doğurur? Təəssüf ki, insanların çoxu canavarı amansız qaniçən yırtıcı təsəvvür edir. Canavar yırtıcı olmağına yırtıcıdır, amma heç vaxt adama hücum etmir, əksinə ondan uzaq durmağa çalışır. Bütün yırtıcılar kimi canavar da ova çıxır. Canavar ikili simvolikaya malikdir: bir tərəfdən məkrlilik, qəddarlıq, amansızlıq və qəzəb,  digər tərəfdən cəsarət, qalibiyyət, gözəl ailə başçısı mücəssəməsidir. 
 
Canavar və ya boz qurd, yaxud adi canavar itkimilər ailəsindən yırtıcı məməlidir. Canavarın ilk əcdadları təqribən 100 min il əvvəl peyda olub. Təqribən 25 min il əvvəl canavar bəşəriyyətə köpək  kimi  dost “hədiyyə” edib. İtlər dərrakə və təlim bacarığını məhz canavarlardan əxz edib. Bundan əlavə, hər bir canavar  öz xarakteri  və  vərdişləri olan varlıqdır.
 
Canavarlar ailə və ya sürü şəklində yaşamağa üstünlük verir. Sürüyə ən nüfüzlu “ər-arvad cütlüyü” başçılıq edir. Qalan canavarlar qeyd-şərtsiz onlara tabe olur. Adətən canavar sürüsü 6-7 fərddən ibarətdir, hərçənd bəzən sürü daha böyük olur. Aralarında qohumluq bağları olan dəstə üzvləri çox vaxt dəstə başçılarının 2-3 yaşınadək balaları olur. Böyümüş güclü canavarlar ya sürüdə öz vaxtını gözləyir, ya da çox zaman öz sürüsünü yaratmaq ümidi ilə əvvəlki yerini tərk edir və tənha canavara çevrilir.
 
Canavarın sifət mimikası çox mənalıdır. Onun sifəti və quyruğunun vəziyyəti istər sürünün içində, istərsə də onun hüdudlarından kənarda canavarlarla ünsiyyət qurmasına kömək edir.
 
Canavar əla ovçudur. Onda iybilmə duyğusu o dərəcədə güclü inkişaf edib ki, kiçik qurbanının qoxusunu  hətta  1,5-2 kilometr məsafədən ala bilir,  halbuki qurbanın özü təhlükədən xəbərsiz dolaşır. Sürü maral və ya başqa heyvan qovan zaman canavar hətta qalın qar  örtüyü olan yerlərdə saatda 60 kilometr sürətlə qaça bilir.
 
Canavar iki həftəyə qədər ac-yalavac dolaşa bilər, lakin ovu uğurlu olsa, xüsusən, çəkisi 10 kilqorama qədər olan maral, kabarqa və ya cüyür kimi iri heyvanlar ovlasa, doyunca yeyir. Qarnı tox  olanda yatmağı, sonra da eynən ev itləri kimi məmnuniyyətlə atılıb-düşməyi sevir.
 
Vaxtılə canavar Avrasiyada və Şimali Amerikada çox geniş yayılıb. Müasir dövrdə onun arealı və ümumi sayı nəzərəçarpacaq dərəcədə azalıb. Dünyanın bir çox regionlarında canavarın nəsli tamamilə kəsilmək üzrədir, lakin materiklərin şimalında onun populyasiyası hələ də sabitdir. Canavarların populyasiyası azalmağa davam etsə də, o ya insan və mal-qara üçün potensial təhlükə mənbəyi kimi, ya da əyləncə məqsədi ilə indiyə qədər ov hədəfidir. 
 
Canavarın xarakteristikasını tamamlamaq üçün bir neçə kəlmə onun ovçuluq məharəti  haqqında danışaq. Tənzimlənmiş hərəkətləri sayəsində canavar sürüsü hətta sığın və pələng kimi iri heyvanlar üçün təhlükəli ola bilər. Bundan əlavə, canavarlar ov prosesində bir- birini əvəzləyir  və kömək edir. Məsələn, ovu qovan zaman öndə gedən, gücü tükənən erkək canavarları dincini almış erkəklər əvəzləyir.