Xəbərlər

Qərb bölgəsinin məktəbliləri üçün keçirilən kimya olimpiadasında 400 şagird iştirak edib

Gəncə, 13 fevral,  AZƏRTAC

 

Gəncə Dövlət Universitetinin (GDU) təşəbbüsü və təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 7-11-ci sinif şagirdləri üçün kimya fənnindən olimpiada təşkil edilib.

 

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd məktəblilərin kimya fənninə marağını artırmaq və yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə kömək göstərməkdir.

 

Əvvəlcə ümumtəhsil məktəblərinin müəllimləri, şagirdlər və valideynlər Gəncə Dövlət Universitetinin kimya fakültəsində yaradılan tədris mühiti, fənn kabinetləri və müasir laboratoriyalarla yaxından tanış olublar. Məktəblilərə son illərdə GDU-nun kimyaçı alimləri tərəfindən aparılan elmi araşdırmalar və alınan nəticələr haqqında ətraflı məlumat verilib. Olimpiadada yüksək nəticə göstərən şagirdlərin gələcəkdə universitet alimlərinin rəhbərliyi ilə müxtəlif laboratoriyalarda aparılan təcrübələrdə iştirak edə biləcəkləri bildirilib.

 

Sonra şagirdlər kimya üzrə biliklərini yoxlamaq üçün olimpiadaya qoşulublar.

 

Universitetin kimya fakültəsində keçirilən olimpiadada Gəncənin bütün ümumtəhsil məktəblərindən, eləcə də Göygöl və Samux rayonlarından olan 400 nəfərdən artıq şagird iştirak edib. Məktəblilərin biliyinin test üsulu ilə müəyyənləşdirildiyi olimpiada üçün suallar GDU-nun kimya kafedrasının professor–müəllim heyəti tərəfindən hazırlanıb. Olimpiadanın testləri hər birində 25 sual olmaqla 4 variantda, 2 blokda tərtib edilib. 7-9-cu sinif şagirdləri üçün tərtib edilən 1-ci bloka qeyri-üzvi kimya, 10-11-ci sinif şagirdləri üçün hazırlanan ikinci bloka isə üzvi kimya sahəsinə aid suallar daxil edilib.

 

Vurğulanıb ki, bu cür olimpiadaların gələcəkdə həm digər elm sahələri, həm də bütün ixtisas qrupları üzrə keçirilməsi nəzərdə tutulur. Valideynlər universitet–məktəb arasındakı əlaqələrin bu cür uğurlu inkişafına görə GDU-nun rəhbərliyinə, alim və müəllimlərə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, olimpiada testlərinin nəticələri və qaliblər bu həftə elan olunacaq.