Xəbərlər

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələrinə əsasən, Bakının 1.221 məktəblisi növbəti mərhələyə vəsiqə qazanıb.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 334, riyaziyyat fənni üzrə 264, fizika fənni üzrə 90, kimya fənni üzrə 73, biologiya fənni üzrə 75, coğrafiya fənni üzrə 265 və tarix fənni üzrə 120 şagird növbəti mərhələyə keçib.


Şagirdlər nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) və olimpiada.edu.az saytından əldə edə bilərlər.


Respublika mərhələsinin yarımfinal turuna şəhər mərhələsində 60-dan yuxarı bal toplayan bütün şagirdlər, həmçinin müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi dəvət olunur. İnformatika fənni üzrə nəticələr fevralın 14-də elan ediləcək.


Olimpiadanın növbəti mərhələsinin apreldə keçirilməsi planlaşdırılır.


Qeyd edək ki, fevralın 4-də paytaxt üzrə məktəblilərin respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib.


Respublika fənn olimpiadaları səkkiz fənn - Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix üzrə IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Həmçinin IX siniflərlə yanaşı, xüsusi istedadı və hazırlığı ilə seçilən VII-VIII sinif şagirdlərindən də öz bilik və bacarığını nümayiş etdirənlər olub.


Respublika fənn olimpiadalarının təşkil edilməsinin əsas məqsədi istedadlı şagirdləri aşkarlamaq, onların fənlərə olan marağını artırmaq, sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.