Xəbərlər

Üzgüçülük üzrə “Qızıl balıq” açıq Bakı birinciliyinə yekun vurulub

Bakı, 13 fevral, AZƏRTAC 

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə “Qızıl balıq” açıq Bakı birinciliyi keçirilib.

 

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, birincilikdə 174 idmançı birincilik uğrunda mübarizə aparıb.

 

Birincilikdə 50 metr məsafəyə arxasıüstə üsulla üzgüçülük yarışlarında qızlar arasında Valeriya Vaskovskaya, oğlanların mübarizəsində isə Rahib Hümbətzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Əlli metr məsafəyə sərbəst üsulla yarışlarda Yelizaveta Boqatıryova, Əsgər Yaşar, 50 metr məsafəyə batterflay üsulla üzgüçülükdə Leyla Babayeva və Çingiz Fəttahov qızıl medal qazanıblar. Yüz metr məsafəyə sərbəst üsulla mübarizədə Nikol Matyuşenko, Oqtay Hüseynov, 100 metr məsafəyə qarışıq üsulla üzgüçülükdə Valeriya Vaskovskaya, Əsgər Yaşar, 50 metr məsafəyə brass üsulla yarışlarda V.Vaskovskaya və Beker Timur birinci olublar.

 

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.