Xəbərlər

Şagirdlər Heydər Əliyev adına Hərbi Liseylə tanış olublar

Naxçıvan, 14 fevral, AZƏRTAC

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş qrafikə əsasən, muxtar respublikanın şəhər və rayon təhsil şöbələrinin tabeliyində olan ümumtəhsil məktəblərindəki təhsillərini Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmək istəyən şagirdlərin liseylə tanışlığı təşkil edilir.

 

AZƏRTAC xəbər verir ki, bu məqsədlə Şərur rayonunun ümumtəhsil məktəblərinin 100-dən çox şagirdi liseydə yaradılan şəraitlə tanış olub, hərbi dərslərdə iştirak ediblər.

 

Liseyin zabitləri şagirdlərə buradakı şəraitdən, kursantların təhsil almaları üçün yaradılan imkanlardan danışıblar. Liseyin muzeyi ilə tanış olan şagirdlərə eksponatlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzeydə təhsil ocağının müxtəlif dövrlərdəki fəaliyyətinə aid fotoşəkillər, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən kitablar nümayiş etdirilir.

 

Liseyin yataqxanası, kursantların asudə vaxtlarını səmərəli təşkil etmək üçün müxtəlif stolüstü oyun vasitələri, televizor, kitablar olan istirahət otağı da şagirdlərdə yüksək təəssüratlar yaradıb. Atəş otağında məktəblilərə atəş hazırlığından danışılıb və virtual atış öyrədilib.

 

Tanışlıq zamanı diqqətə çatdırılıb ki, mövcud imkanlardan səmərəli istifadə edən müəllim-zabit heyəti bilikli, vətənpərvər, sağlam və əqidəli hərbçilərin yetişdirilməsində əllərindən gələni əsirgəmirlər. Liseydə keçilən dərslərlə yanaşı, müxtəlif olimpiada və yarışlar da təşkil olunur, kursantların muxtar respublikada keçirilən tədbir və yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, Heydər Əliyev adına Hərbi Liseyin uğurları ildən-ilə artır, ali hərbi məktəb və akademiyalara qəbul olunan kursantların sayı çoxalır.

 

Kursantlarla nahar edən şagirdlər buradakı şəraitdən razı qaldıqlarını deyiblər.

 

Qeyd edək ki, martın 6-dək muxtar respublikanın digər ümumtəhsil məktəblərindəki zabit olmaq istəyən şagirdlərin də liseyə ekskursiyaları təşkil olunacaq.