Xəbərlər

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial xidmətlər göstərilir

Ümumtəhsil müəssisələrində xüsusi sosial qayğıya ehtiyacı olan uşaqlara sosial xidmət göstərməklə bağlı maarifləndirmə tədbirləri keçirilir.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, maarifləndirmə tədbirlərinin keçirilməsinin əsas məqsədi etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, baxımsız, kimsəsiz, sağlamlıq imkanları məhdud  və yardıma ehtiyacı olan səkkiz yaşdan yuxarı yetkinlik yaşına çatmayan uşaqlara sosial xidmət göstərməkdən ibarətdir.


Təhsil Nazirliyinin və BŞTİ-nin birgə dəstəyi ilə təşkil olunan layihə çərçivəsində Sabunçu rayon məktəblərində təhsil alan köməyə ehtiyacı olan şagirdlər Reabilitasiya müəssisəsinə cəlb olunurlar.
Keçirilən maarifləndirmə tədbirləri məktəb kollektivi və valideynlər tərəfindən böyük maraqla qarşılanır, müvafiq müzakirələr aparılaraq tədbir iştirakçılarının sualları cavablandırılır.


“Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə” cəlb olunan uşaqlarla və onların ailələri ilə təcrübəli sosial işçi, psixoloq, pedoqoq və idman mütəxəssisi məşğul olur. Onların təhsilə cəlb edilməsi, davamiyyətinin təmin olunması üçün məktəblərlə iş aparılır, müvafiq peşəyə yiyələnmə imkanları araşdırılır.