Xəbərlər

Masallıda Xocalı soyqırımına həsr edilmiş müsabiqənin qalibləri məlum olub

Masallıda Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş “Xocalı əsrin faciəsidir” mövzusunda məktəblilər arasında keçirilən “İnşa-yazı”, “Rəsm və əl işləri” müsabiqəsinin qalibləri məlum olub.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 15-də Masallı Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Masallı Regional Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Mərasimdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov qalibləri tədbirik edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd Xocalı soyqırımı ilə bağlı həqiqətləri gənc nəsillərə çatdırmaq, gənclərimiz arasında vətənpərvərlik ruhunu daha gücləndirməkdir.

 

Rayon Təhsil Şöbəsinin metodik kabinetinin müdiri Bəybala Xəlilov, Masallı şəhər 2 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şakir Xəlilov, Masallı Rəsm Qalareyasının direktoru Tofiq Fərəcov və başqaları çıxışlarında ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri qanlı qırğınlardan və dəhşətli cinayətlərdən danışıblar.

 

Münsiflər heyətinin qərarına əsasən, “Rəsm və əl işləri” müsabiqəsində Masallı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdi Yusif Əsgərov birinci, Kəlbəhüseynli kənd tam orta məktəbinin şagirdi Aysu Gözəlova ikinci, “Dəfinə” məktəb-liseyin şagirdi Rəvan Əliyev üçüncü yerə layiq görülüblər.

 

“İnşa-yazı” müsabiqəsində isə Xıl kənd tam orta məktəbin şagirdi Nigar İbayeva birinci, Böyük Xocavar kənd tam orta məktəbin şagirdi Fatimə Qəzənfərova ikinci, Hüseynhacılı kənd tam orta məktəbin şagirdi Günay Abdullayeva üçüncü yerə sahib olublar.

 

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.