Xəbərlər

Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib

Qazax, 16 fevral, Famil Quliyev, AZƏRTAC

 

Otuz iki ildir ki, fəaliyyət göstərən Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ənənə halını almış ekskursiyalara yenidən başlanılıb. Ümumtəhsil məktəblərinin 6-9-cu siniflərində təhsil alan şagirdlər qalereyaya gələrək burada nümayiş olunan Azərbaycan miniatürləri, görkəmli rəssamların sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, tanınmış alim və şairlərin fotoşəkilləri haqqında məlumatlar əldə edirlər.

 

Onlar burada olan vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, multikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərlə də tanış olurlar.


Qalereyada 549 eksponat nümayiş olunur. Bunlar əsasən boyakarlıq və rəsm əsərləridir.  Yerli rəssamlardan Qafar Sarıvəlli, Nəcməddin Hüseynov, Alyoş Abdullayev, gənc rəssamlardan Aynurə Mustafayeva, Nəzakət Əhmədova və başqalarının rəsm əsərləri də eksponatlar arasındadır.