Xəbərlər

Şahmat üzrə Bakı birinciliklərinin qalibləri müəyyənləşib

Bakı, 17 fevral, AZƏRTAC

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Şahmat Mərkəzində 2004–2005-ci il təvəllüdlü qızlar və 2002–2003-cü il təvəllüdlü oğlanlar arasında şahmat üzrə Bakı birincilikləri başa çatıb.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, 14 yaşadək qızlar arasında 7 xalla Cəmilə Paşayeva qızıl, 5 xalla Nərgiz Rəşidova gümüş, 4,5 xalla Altunay Hacıyeva bürünc medala sahib olublar. On altı yaşadək oğlanlar arasında Ayxan Rzazadə 5,5 xalla bütün rəqiblərini qabaqlayaraq çempion olub. Beş xal toplayan Emil Mehrəliyev və Rüfət Əbdülbağıyev isə ikinci-üçüncü pillədə qərarlaşıblar.

Bundan əlavə qızlar arasında dördüncü yeri tutmuş Ayan Həsənova, oğlanların mübarizəsində isə dördüncü və beşinci pillədə qərarlaşan Ülvi Bayramov və İzzət Quliyev cari ilin iyununda keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar.

Yarışın bağlanış mərasimində BŞGİBİ-nin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Yarışda ilk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.