Xəbərlər

Fevralın 22-də Bakı şəhəri üzrə birinci sinfə elektron qeydiyyat başlayır

Bakı, 20 fevral, AZƏRTAC  

 


2018-2019-cu tədris ili üçün birinci sinfə elektron sənəd qəbulu Bakı şəhəri üzrə fevralın 22-də, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə martın 12-də başlayacaq. 


AZƏRTAC xəbər verir ki Elektron sənəd qəbulu sentyabrın 15-dək davam edəcək. 2018-2019-cu tədris ilində Bakı şəhəri üzrə birinci sinfə 50 000-dən çox uşağın qəbulu gözlənilir. 


Birinci sinfə elektron sənəd qəbulu sistemində bu il tətbiq edilən yeniliyə əsasən, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların birinci sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. 


Qeyd edək ki, vətəndaşlar elektron ərizənin qeydiyyatı ilə əlaqədar sual yarandıqda şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı narazılıq yarandıqda isə şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyalarına müraciət edə biləcəklər.