Təbiət

Hinduquş - Asiyanın ən yüksək dağ sistemlərindən biri

Pamir, Karakorum və Himalay (Əfqanıstan və Pakistan) dağlarının qovuşuğunda Asiyanın ən hündür dağ sistemlərindən biri – Hinduquş (fars dilindən tərcümədə “Hind dağları” mənasını verir) yerləşir.


Cənub-qərbdən şimal-şərqə doğru 800 kilometr uzanan, eni 350 kilometrə çatan Hinduquş dağları oroqrafiya cəhətdən iki hissəyə - 4000-5000 metr hündürlüyə malik cənub-qərb və 5000-7000 metr hündürlüyü olan şimal-şərq hissələrinə bölünür. Sistemin ən hündür nöqtəsi Tiriçmir dağıdır (7690 metr). Dağların şərq qurtaracağından cənub-qərbə doğru iri qol – 5900-6800 metrlik zirvələrə malik Hindurac silsiləsi uzanır. Hinduquş Amudərya İnd və Hilmənd çay hövzələri arasında suayırıcı əmələ gətirir.


Bu dağlar Alp dağəmələgəlmə dövründə şist, qranit və əhəng tərlibindən formalaşıb. Qərbdə dəyirmi zirvələri olan orta dağ silsilələri, şərqdə və şimal-şərqdə isə ayrı massivlərdən ibarət yüksək yaylalar üstünlük təşkil edir. Kontinental və quru iqlimə malikdir, ildə 300-800 millimetr yağıntı düşür. Qar xətti 4300-5200 metr hündürlükdə yerləşir. Müasir buzlaqların ümumi sahəsi 5900 kvadratkilometrdir; ən böyüyü Çiantar buzlağıdır (uzunluğu 32 kilometr, sahəsi 260 kvadratkilometr).


Burada tikanlı kolların bitdiyi dağ yarımsəhraları və quraq çöllüklər, cənub-şərq yamaclarında enliyarpaqlı və iynəyarpaqlı meşələr, hündür yaylalarda soyuq səhra landşaftı üstünlük təşkil edir. Dağlarda qar bəbiri, dağ canavarı, bəbir, həmçinin Himalay ayısı, vaşaq, dələ, vəhşi qaban və digər heyvanlara rast gəlmək olar.


Hinduquşun çətin keçilən dağlıq rayonlarında azsaylı xalqlar məskunlaşıb və bu, onları assimilyasiyadan və ya məhv olmaqdan qoruyub. Burada nuristan, dard və Şərqi İran xalqları geniş yayılıb. Çitrala vadisində darddilli kalaşlar arasında hələ də islamaqədərki politeistik Hinduquş dininə rast gəlmək olur.