Xəbərlər

Gəncədə keçirilən “Atalar və qızlar” festivalı maraqla qarşılanıb

Gəncə, 11 mart, Rauf Hacıyev, AZƏRTAC

 

Martın 11-də Gəncədə şəhər sakinlərinin iştirakı ilə “Atalar və qızlar” festivalı keçirilib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mindən çox şəhər sakinin qatıldığı festival Niderland Krallığının ölkəmizdəki səfirliyinin və Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunub.

 

Festivalın keçirilməsində əsas məqsəd müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı, ata ilə qız övladı arasında emosional və mənəvi əlaqələrin artırılması, onların birgə vaxt keçirmələrinə və əylənmələrinə mühitin yaradılması olub.

 

Festivalda bir-birindən maraqlı musiqili proqramlar, dicey-şou, yarışlar və müxtəlif uşaq oyunları keçirilib. Festivalın iştirakçısı olan atalar qızları ilə birgə pazl qurmaq, rəsm çəkmək və saç hörmək yarışlarında iştirak ediblər.

 

Yarışların qaliblərinə hədiyyələr təqdim olunub.

 

Həmçinin mövzu ilə bağlı viktorinalar və müsabiqələr keçirilib, qızlar üçün xüsusi olaraq “face art” və karikatura çəkilişləri təşkil olunub.