Xəbərlər

Təhsil Nazirliyinin bir nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Novruz şənliyi təşkil olunub

Bakı, 15 mart, AZƏRTAC  


Təhsil Nazirliyinin bir nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Novruz bayramı münasibətilə şənlik keçirilib.


Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi Azərbaycanda yaşayan çoxsaylı xalqların nümayəndələrinə milli adət-ənənələrimizi, mədəniyyət və incəsənətimizi, xalq folklorumuzu, mətbəximizi tanıtmaq, dərnək üzvlərinin asudə vaxtını səmərəli təşkil etmək olub.


Tədbirdə Novruz bayramının milli bayram kimi keçirildiyi Türkiyə, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Pakistan, Qazaxıstan, Misir, Dubay, Hindistan və Qətərdən olan nümayəndələr də iştirak ediblər.


Mərkəzin həyətində milli adət-ənənələrimizi əks etdirən dekorasiyalar, Novruz bayramına həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub.


Qonaqlar mərkəzin dərnək üzvlərinin ifasında bir-birindən maraqlı səhnələrə, oyunlara, rəqslərə tamaşa edib, musiqi, şeir,  mövsum və mərasim nəğmələrini dinləyiblər.


Şənlikdə Dədə Qorqud, Novruz personajları olan Bahar qızı, Kosa və Keçəl, Azərbaycan nağıl qəhrəmanları iştirak edib, bayram tonqalı alovlandırılıb.