Xəbərlər

IDEA ekoskautlarının sayı gündən günə çoxalır

Bakı, 16 mart, AZƏRTAC

 

IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin böyük marağına səbəb olan “Ekoskaut” layihəsi uğurla davam edir.

 

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, IDEA ekoskautlarına qoşulmaq üçün qeydiyyatdan keçən yeni üzvlərlə martın 15-də IDEA Resurs Mərkəzində görüş keçirilib.

 

“Ekoskaut” layihəsi gənclərə planetimiz üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.

 

IDEA ekoskautu olmaq istəyən gənclərə görüş zamanı layihənin mahiyyəti, ekoskautların öhdəlikləri, onların fəaliyyət prinsipləri, gündəlik ekoskaut qaydaları, ekoskaut klubuna üzv olmağın yolları, üzvlük kartı və yüksək statuslu kartlar almağın yolları, balların toplanma mexanizmi haqqında ətraflı məlumat verilib.

 

Layihəyə qoşulmaq üçün müraciət edən 30 nəfərə yaxın gəncə üzvlük kartı və IDEA tərəfindən xüsusi olaraq hazırlanmış papaq, bel çantası, döş nişanı verilib. Yeni qoşulan üzvlər “Gənc ekoloq” statusu altında ətraf mühitə faydalı işlərlə məşğul olaraq ballar yığıb statuslarını artırmaq imkanı əldə edəcəklər. Kifayət qədər bal toplayan ekoskautlar ən yüksək mərhələyə keçmiş sayılacaq və onlara IDEA tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim olunacaqdır.

 

Görüşün sonunda layihəyə qoşulmaq üçün könüllü olaraq müraciət etmiş yeni üzvlər birgə “Ekoskaut andı” içiblər.

 

Qeyd edək ki, sözügedən layihəyə ötən ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir.

 

IDEA “Ekoskaut” layihəsi haqqında, o cümlədən qeydiyyat, üzvlük qaydaları, balların toplanması və s. ilə bağlı ətraflı məlumat üçün: http://www.ideacampaign.org/ecoscout/, tel.: (012) 497-63-16.