Bu maraqlıdır!

Ecazkar Zənzibar adası

Afrikanın şərq sahillərində, adını hələ uşaqlıq illərində Çukovskinin “Aybolit” nağılından eşitdiyimiz 75 adadan ibarət arxipelaq yerləşir. Zənzibar – banan palmaları, manqo ağacları, qar kimi ağappaq çimərliklər, mərcan riflərinin mənzərəli şəklidir.

 

Zənzibarın əsas üstünlüyü zəngin mədəni irsi, təmiz sahilyanı suları və rəngarəng mərcan riflərinin ətrafında üzən 60-dan çox balıq növündədir. Qışda havanın hərarəti 35 dərəcədən yuxarı qalxmır, yayda isə nadir hallarda 26 dərəcədən aşağı düşür. Burada mövsüm üçün xarakterik olan yağışlı aprel ayını çıxmaq şərti ilə bütün il boyu dincəlmək olar.


Zənzibar Hind Okeanında yerləşən və müasir Tanzaniyanın qarşısında Afrikanın şərq sahilləri boyu uzanan arxipelaqdır. Adalar qrupunun bir hissəsi Zənzibar muxtariyyətinə daxildir.


Arxipelaqın əsasını üç böyük ada – Unquca (çox vaxt Zənzibar adası adlandırırlar), Pemba və Mafiya adaları təşkil edir – xeyli kiçik olan digər adalar isə bu üç adanın ətrafında yerləşir.


Bu arxipelaq haqda ilk məlumatlar şirazlı farsların buraya gəldiyi X əsrə aiddir. Fars mühacirlər tez bir zamanda assimilyasiyaya uğrasalar da, yerli sakinlər indiyə qədər özlərini “şirazi” adlandırır. Məhz onlar Zənzibara İslam dinini gətirib. Hazırda əhalinin 88 faizini müsəlmanlar təşkil edir – digərləri isə Afrikanın bütpərəst dinlərinin nümayəndələri və xristianlardır.


1853-cü ilə qədər Osmanlı soltanlarının ən qüdrətlisi, Səid ibn Sultan Afrika sahillərinin xeyli hissəsini nəzarəti altına alır və öz paytaxtını Maskat şəhərindən Zənzibara köçürür. Ada Afrikadan yerli bazarlara gətirilən fil dişi və qullara tələbatın artması ilə bağlı yeni yüksəlişini yaşayır. Sultanın dövründə Zənzibarda geniş tikinti işləri aparılıb – adanın memarlıq abidələri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.


1861-ci ildə Zənzibar sultanlığı Osmanlı imperiyasından ayrılır, 1890-cı ildə isə Britaniyanın protektoratına çevrilir. 1964-cü ilin əvvəlində Britaniya hökuməti arxipelaqı Ərəb soltanına təhvil verir və bir həftədən sonra Zənzibar müstəqilliyini elan edir. Britaniyalılar adaları tərk etdikdən sonra Zənzibarda qiyam başlayır: qaradərili əhali ərəblərin hökmdarlığı altında yaşamaq istəmir və onları devirir. İnqilab ərəblərin, hindlilərin və avropalıların qətlləri ilə müşayiət olunur.


Elə həmin il Zənzibar və Tanqanika hökumətləri Tanzaniya (bu ad “Tanqanika” və “Zənzibar” sözlərinin kombinasiyasından yaranıb) adlanan vahid dövlət yaratmaq barədə saziş imzalayır. Zənzibar adaları Tanzaniyanın tərkibində olan və administrativ mərkəzi Zənzibar şəhərində yerləşən yarım muxtariyyətdir.


Hind Okeanının ən yaxşı tropik kurortları Zənzibardadır. Sıx bitki örtüyü və bütün sahil boyu ağappaq mərcan qumundan ibarət çimərliklər adanı turizm üçün xeyli cəlbedici edir. Buranın günəşlə zəngin təbiəti gözəl mənzərələr yaradır, həmçinin flora və faunanın müxtəlifliyi ilə insanları təəccübləndirir.


Zənzibarın nadir meymun və quş növlərindən ibarət heyvanat aləmi bir çox turist üçün əsas cəlbedici qüvvədir. Turistlərin bir çoxu məhz qırmızı kolobusu görmək üçün adaya gəlir. Bu meymun Zənzibar üçün endemikdir və adada bu növün cəmi 1500-2000 fərdinin yaşadığı ehtimal edilir.


Həmçinin nəslinin kəsildiyi hesab olunan Zənzibar bəbiri də geniş məşhurluq qazanıb. Bu heyvanın yalnız Zənzibar muzeyində saxlanan bir neçə dərisi və maketi qalıb. Zənzibarda digər maraqlı və daha geniş yayılan heyvan növlərinə Pemba uçan tülküləri, vəhşi donuzlar, vervetlər, dik-diklər (kiçik ceyran), pitonlar, buqələmunlar, qekonlar, tısbağalar və yengəclər aiddir.