Xəbərlər

Məktəblilər arasında gənc bioloqların yaradıcılıq müsabiqəsinə başlanılır

Bakı, 19 mart, AZƏRTAC  

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsi keçiriləcək.


BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsinin əsas məqsədi məktəblilərin biologiya elminə olan marağını artırımaq, onların bu sahədə nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, istedadlı şagirdləri aşkara çıxarmaqdır.


Müsabiqə üç mərhələdə IX, X, XI sinif şagirdləri arasında keçiriləcək. Müsabiqənin birinci mərhələsi aprelin 2-dən 23-dkə təhsil müəssisələrində təşkil olunacaq. Məktəbdaxili yarışmada qalib gələn komandalar aprelin 25-dən 30-dək keçiriləcək ikinci mərhələdə iştirak etmək hüququ qazanacaq. İkinci mərhələdə hər rayon üzrə birinci yeri qazanmış qalib komanda növbəti mərhələdə iştirak etmək üçün vəsiqə alacaq. Gənc bioloqların yaradıcılıq müsabiqəsinin üçüncü mərhələsi isə mayın 2-7-də baş tutacaq.


Müsabiqənin üçüncü mərhələsində hər rayondan bir komanda olmaqla, ümumilikdə 12 komanda iştirak edəcək və ilk üç yeri tutmuş komandalar qalib hesab olunacaq.


Komandalar hər sinifdən bir nəfər olmaqla  IX, X və XI  siniflər  üzrə üç nəfərdən təşkil olunmalıdır.


Müsabiqənin şərtlərinə görə, birinci və ikinci mərhələdə iştirakçılar iki akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq, biologiya fənni üzrə 30 sualdan ibarət test tağşırığını, iki məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı, bir təcrübə işini  də yerinə yetirməlidirlər.


Hər test tağşırığının düzgün cavablandırılması bir balla, məsələ və  təcrübə işinin düzgün həlli isə beş balla qiymətləndiriləcək. Ən çox bal toplayan komanda qalib sayılacaq.


Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.