Bu maraqlıdır!

Sim-sim, açıl!

Biz evə gəlirik, adəti üzrə açarı qıfıla salırıq, qapını açırıq... qıfıl xarab olan zaman ona nəzər yetiririk. “Qapıları, şkafları, mebel dolablarını və digər əşyaları bağlamaq üçün nəzərdə tutulan bu qurğunun” neçə növü olduğunu bilirsinizmi?


Tarix ilk qıfılın nə konstruksiyasını, nə ilk ixtiraçının adını qoruyub saxlamayıb. Lakin üç əsas qıfıl növü dövrümüzə qədər gəlib çatıb: taxma, asılma və salınma.


Taxma qıfıl, ola bilsin ki, qıfılların ən qədimidir. Onun vətəni Qədim Misirdir, oradan Yunanıstana və Romaya gəlib. İndiki dövrdə də belə qıfıllardan istifadə olunur. Onun əsas hissəsi qapının bağlayıcı dirəyidir.

 

O, bir neçə dəliyi olan yetərincə qalın və sərt lövhədir. Dəliklərə sərbəst şəkildə aşağı-yuxarı hərəkət edən mil-çubuqlar yerləşdirilib. Millərin sayı və yerləşdiyi yer sahibi tərəfindən müəyyən edilir. Açar-lövhədəki sabit millər də ona uyğun yerləşir. Açar qapının kəsiyinə salınır və mil olan dirəkdəki dəlikdən qıfılın hərəkətli milləri itələnir – qapı açılır. Düzdür, bu qıfılların açarları iri olurdu – yarım metrə qədər. Belə açar bağlamaları çiyində gəzdirilirdi. Bu, zadəganlıq rəmzi və şərəf əlaməti sayılırdı.


Roma sənətkarları mücrülər üçün miniatür qıfıllar hazırlamağı öyrəndilər. Onların açarlarını üzük kimi barmaqda gəzdirirdilər. Özü də qıfıllar və açarlar o qədər kiçildi ki, onları zərgərlər hazırlamağa başladılar. Zinət əşyalarını qorumaq üçün nəzərdə tutulan qıfılın özü də bəzən oğruların hədəfinə çevrilirdi. Roma sənətkarları buna açarı burulan qıfılların icad olunması ilə cavab verdilər. Həmçinin gizli qoruyucular da qıfılların etibarlığını artırırdı.


Orta əsrlərdə qıfılların quruluşu daha da mürəkkəbləşir, onlar metaldan hazırlanırdı. Qapıya bərkidilmiş mexanizmi bağlayan qıfıl lövhəciyi müxtəlif ornamentlərlə bəzədilirdi. Çox vaxt bəzək üçün naxışların altına gön, parça və ya perqament qoyulurdu. Budaq, çiçək, əcaib heyvan rəsmlərindən ibarət bəzəklər hətta qaranlıqda belə açarı dəliyə salmağa imkan verən açar kanalını təşkil edirdi.


İntibah dövründə açarların konstruksiyaları təkmilləşdirildi – açarlar üçün bir neçə üfüqi siyirmə və yuva hazırlandı.

 

Qapının daxili hissəsindəki ling qurğusu indiyə qədər çətin yerinə yetirilən işləri rahat görməyə - qapını içəridən açarsız açmağa və açarı açıq qıfıldan rahat çıxarmağa imkan yaratdı.


Həmin dövrlərdə qıfılların mexanizmi artıq nəzərlərdən gizlədilmirdi – onlar qapının içəri tərəfinə bərkidilərək nümayiş olunurdu. Gözəlliyə meyl Renessans dövrü üçün səciyyəvi olduğundan, qıfıllar da dəmirçi sənətinin kiçik şah əsərlərinə çevrildi. Əvvəlcə qıfılın mismar dəlikləri yerləşən naxışlı kənarlarını bəzəməyə başladılar.

 

Sonradan qıfılın özü də budaq, yarpaq, çiçək və müxtəlif fiqurlar – delfin, dəniz yırtıcıları, heyvan başları təsvirləri ilə örtüldü. Bəzən məşhur rəssamların qravyura süjetləri də qıfılın korpusuna köçürülərək bəzək kimi istifadə olunurdu.


Asılma qıfıllar Çində icad olunub, sonra isə Hindistana, İrana və Romaya gəlib. Rusiyada artıq 900 il bundan öncə asma yaylı qıfıllar hazırlanırdı (orta əsrlərdə Qərbi Avropada onları “rus qıfılları” adlandırırdılar, çünki onlar ən mahir ustaların olduğu Rusiyadan gətirilirdi). Bu qıfıllar korpus və dəstəkdən ibarət idi. Dəstəyin bir qolu hamar idi, digərində isə kilidləmə mexanizmi düzəldilirdi.