Görkəmli şəxsiyyətlər

And (Ernest Şliman haqqında)

Pastor Ernest Şlimanın səkkiz yaşlı oğlu Henrix Milad bayramında çox gözəl hədiyyə alır. Bu, nəfis şəkildə cildlənmiş, rəngarəng şəkillərlə illüstrasiya olunmuş bir kitab idi. Kitab “Uşaqlar üçün dünya tarixi” adlanırdı. Hədiyyə Henrixin o qədər xoşuna gəlir ki, o, bayram masasındakı dadlı yeməkləri unudub acgözlüklə onu oxumağa başlayır. Hətta ertəsi gün də kitabı əlindən yerə qoymur, birnəfəsə axıradək oxuyur. Oxuyandan sonra isə antik dövrün möhtəşəm şəhəri Troyadan, onun kim tərəfindən və necə dağıdılmasından danışılan hissəni yenidən açır. Nədənsə bu əhvalat Henrixə çox təsir edir. O, tez-tez Troya şəhərinin təsvir olunduğu şəkillərə tamaşa edir. Kitaba illüstrasiyalar çəkən rəssam şəkillərin birində Egey dənizi sahillərində çiçəklənən bir şəhər təsvir etmişdi. Möhkəm qala divarları ilə əhatə olunan şəhərdə Troya çarı Priamın gözqamaşdırıcı ağ sarayı  yerləşirdi. Digər şəkildə isə rəssam uzun illər sürən mühasirədən sonra axeyli yunanlar tərəfindən qarət edilmiş bu şəhəri dəhşətli yanğının alovlarına qərq olmuş vəziyyətdə təsvir etmişdi...

Dövrünün elmli adamlarından biri olan pastor Şliman tarixi gözəl bilirdi. Odur ki, Henrix də onu maraqlandıran sualları məhz atasına verir.

-Ata, nə üçün axeylilər Troya ilə müharibə ediblər?

-Əgər Homerə və onun “İliada” poemasına inansaq, Gözəl Yelena üzündən. Çar Priamın oğlu Paris axeyli Menelayın arvadı Yelenanı oğurlayıb. Amma mənə elə gəlir ki, bu əhvalat gözəl nağıl olmaqdan başqa bir şey deyildir.

Bəli, XIX əsrin əvvəlində təkcə adi alman pastoru deyil, nüfuzlu Avropa alimlərinin çoxu belə düşünürdü. Onlar zənn edirdilər ki, Troya sadəcə antik dövrdə yaşayıb yaratmış böyük şairin poetik uydurmasıdır. Düzünə qalsa, belə düşünmək üçün əsasları da var idi. Axı qədim Afina, Babil və Roma şəhərlərindən nəsə qalmışdı, Troyadan isə əsər-əlamət yox idi. Bu şəhərin “İliada”ya görə, yerləşdiyi ərazidə indi ins-cins yaşamayan bataqlıq ərazi uzanırdı.

Henrix isə antik dövrün böyük şəhərinin izsiz itməsi ilə heç cür barışa bilmirdi:

-Bəs, Troya hara yoxa çıxıb? Bəlkə yerin altına girib...

-Bəlkə də... Amma bu, bizim nəyimizə lazımdır? - deyə atası cavab verir.

 

Ata-oğul arasında söhbətin konkret bu və digər formada getməsi bir o qədər də əhəmiyyətli deyil, əsas məsələ budur ki, balaca Henrix inanır ki, Troya həqiqətən mövcud olub və onu axtarıb tapmaq mümkündür. Özü də buna inanmaqla kifayətlənmir. And içir ki, yoxa çıxmış şəhəri nə vaxtsa axtarıb tapacaq...

 

Amma bir var söz vermək, bir də var əməl etmək. Tale elə gətirir ki, Henrix Troyanı da, onu axtarıb tapmaq arzusunu da unutmalı olur. Anası vaxtsız rəhmətə gedir, içki düşkünü olan atası işini itirir, atasının hərəkətlərindən yorulan prixod adamları isə onun xidmətlərindən imtina edirlər. On dörd yaşlı Henrix özü çörək pulu qazanmağa məcbur olur. Beş il mağaza sahibinin yanında buyruq qulu işləyir. Nəhayət, əməyinin müqabilində qəpik-quruş qazanmaqdan bezir və xoşbəxtlik axtarışında Hamburq şəhərinə yola düşür. Bəs, natamam təhsilli 19 yaşlı cavan həmin dövrdə hansı işin qulpundan yapışa bilərdi? Ancaq limanda yükdaşıyan ola bilərdi. Amma səhhəti zəif idi, ağır iş görəndə boğazından qan gəlirdi, buna görə də tez-tez işdən qovulurdu. Çarəsiz vəziyyətə düşən, bir qarnı ac, bir qarnı tox dolanan Henrix qazanc dalınca Cənubi Amerikaya getmək qərarına gəlir və Paraqvaya üzən yük gəmisinə şagird işinə düzəlir.

 

Ancaq burada da bəxti gətirmir. Hollandiya sahillərində fırtınaya düşən gəmi batır, Henrix isə möcüzəli şəkildə sağ qalır: dalğa onu sahilə atır...

Qəribədir, amma məhz bu dəhşətli qəzadan sonra onun həyatında yaxşılığa doğru dönüş yaranır. Hollandiyada yaşamağa başlayan Henrix bu ölkənin dilini sürətlə öyrənir və yüksək maaşlı işə düzəlir. Bəs, o, asudə vaxtında nə işlə məşğul olur? Avaraçılıqmı edir, yoxsa vaxtını meyxanalarda pivə içməkləmi keçirir? Yox, Henrix boş vaxtını bütünlüklə ingilis dilini öyrənməyə həsr edir! Təqribən bir ay sonra onun ingilis dilində necə danışdığını eşidən bir ingilis heyrətlə və hətta bir qədər pərt halda deyir: “Cavan oğlan, siz ingilis dilində elə mənim kimi gözəl danışırsınız!”. Henrix isə artıq fransız dilini öyrənməyə girişir! Bu dili də mənimsədikdən sonra italyan, ispan, portuqal dillərini öyrənməyə başlayır. Avropanın, demək olar, bütün əsas dillərini bilməsi Henrixə o dövrün çox məşhur “Şröder və K˚” şirkətinə işə düzəlməyinə kömək edir. Axı onun kimi tərcüməçini yalnız günün günorta çağı çıraqla axtarmaq olardı. Tezliklə Şliman son dərəcə bacarıqlı kommersant olduğunu da göstərir. İş elə gətirir ki, Şröderə firmanı Rusiyada təmsil edən nümayəndə lazım olur. “Siz təsadüfən rus dilini bilmirsiniz?” - deyə o, Şlimandan soruşur. “Yox, amma heç altı həftə keçməz, mən rus dilində yazmağı da, danışmağı da öyrənərəm”, - deyə Henrix cavab verir.  Beləcə, Şliman Rusiyaya gəlir və düz 18 il bu ölkədə yaşayır, rus qızı Katerina Lıjina ilə evlənir. Bu izdivacdan onun üç övladı dünyaya gəlir. Rus dilində elə səlis danışır ki, çoxları onun alman olduğunu unudur. Şlimanı Henrix Ernestoviç deyə çağırırlar.

 

Amma zaman keçdikcə Henrix və Katerina yavaş-yavaş başa düşürlər ki, ayrı-ayrı dünyaların adamlarıdırlar.  Şliman üzüntüsünə qalib gəlmək üçün gecə yarısınadək ofisdə oturub yeni dillər, məsələn, polyak, sloven, İsveç dillərini öyrənir. Ailə həyatı dözülməz olmağa başlayanda isə işlərini buraxıb dünya səyahətinə çıxır. Bir gün Egey dənizində üzən gəminin göyərtəsində durub ətrafa tamaşa edərkən birdən nə vaxtsa özünə Troyanı axtarıb tapacağını söz verdiyini xatırlayır!

 

Bunu xatırlayan kimi də həyatı onun üçün yeni məna kəsb edir. Həmin gündən başlayaraq uşaqlıq xəyalı daha onu rahat buraxmır. Şliman qısa müddətdə qədim və yeni yunan dillərini öyrənir, 44 yaşında olmasına baxmayaraq, Sorbonna Universitetdə mühazirələr dinləməyə başlayır. İkinci dəfə evlənir. Seçdiyi qadın görkəminə görə onun antik gözəllik idealına yaxın idi. Sofya o qədər də varlı olmayan bir ailənin qızı idi və bu izdivaca valideynlərinin istəyi ilə razı olmuşdu. O, Şlimana onu sevmədiyini etiraf edir, amma zaman keçdikcə bu qəribə, almanların çoxu kimi xırdaçı, amma çox ağıllı, xeyirxah və istedadlı adamı sevməyə başlayır. Şliman öz hesabına ekspedisiya təşkil edir,  Sofya və köməkçiləri ilə birlikdə Türkiyə ərazisinə -  Troyanın yerləşdiyi təxmin edilən Kiçik Asiyaya gəlir.

 

Bu enerjili, çox səriştəli və inadkar adam üç il Hisarlıkaya təpəsində aparılan qazıntılara rəhbərlik edir. O, arvadı ilə birlikdə taxta daxmada yaşayırdı. Onlar gah yandırıcı istilərə, gah da şiddətli soyuğa qatlaşırdılar. Türkiyəli məmurlar Şlimana pullarını göyə sovuran sərsəm kimi baxırdılar. Çox tələbkar olduğuna görə yerqazan fəhlələr deyinir, ona divan tutacaqları ilə hədələyirdilər. Şliman və onun köməkçiləri bir-birinin ardınca mədəni təbəqələr qazıb çıxarırdılar, amma onların üzə çıxardığı heç bir qədim insan məskəni Homerin təsvir etdiyi Troyaya bənzəmirdi!

 

Ümidi üzülən Şliman bir gün çamadanları yığmaq göstərişi verir. 1873-cü il iyunun 14-də adəti üzrə səhər erkən yuxudan oyanan Şliman sonuncu dəfə qazıntı yerinə baş çəkir. Birdən zamanın təsirindən qaralmış qədim tikilinin hörgüsünün böyük bir parçası onun gözü qarşısında qopub yerə düşür. Onun yerində əmələ gəlmiş oyuqda günəş şüaları altında nə isə parıldayır! Şliman həyatını riskə ataraq (qədim divar çökə bilərdi) oyuğu əli ilə yoxlayır və oradan çürümüş qədim taxta mücrü çıxarır. Mücrü ağzınacan qızıl və gümüş məmulatı və qiymətli daşlarla dolu idi. Tapıntını heyranlıqla nəzərdən keçirən Şliman “Bu, çar Priamın xəzinəsidir! Nəhayət mən səni tapdım, qızıl Troya!”, - deyə səslənir. Sevinci yerə-göyə sığmayan Şliman qayıdıb Sofyanı oyadır, gümüş diademanı onun başına qoyur və deyir:

-Sən Gözəl Yelenasan!!!

Həvəskar arxeoloq Şlimanın Troyanı axtarıb tapması barədə xəbər bütün dünyaya yayılır. Hələ dünən yalnız 

kommersiya dairələrində tanınan Şliman Avropada ən populyar adama çevrilir. Onu bir çox ölkələrin akademiyalarının üzvü seçirlər, o dövrün ən adlı-sanlı adamları onunla tanış olmağa çalışırlar, reportyorlar hər yerdə onu təqib edirlər. O, hələ neçə dəfə dünyanı heyrətləndirir. Məsələn, üzlərində qızıl maska olan qədim döyüşçülərin dəfn yerini tapır, yaxşı vəziyyətdə qalmış antik qalanı qazıb üzə çıxarır. Bəzən tələsdiyi üçün bir arxeoloq kimi səhvə yol verir. Buna baxmayaq, sağlığında ikən böyük şəxsiyyət sayılır.

 

Hər şey isə bir gün Milad bayramında səkkiz yaşlı oğlana hədiyyə olunan gözəl kitabdan başlamışdı...