Nağıllar, hekayələr

Koreya xalq nağılı. Xoşbəxtlik


Bu əhvalat lap çoxdan olmuşdur. Bir kənddə ürəyi düz, namuslu bir qoca vardı. Bir dəfə o, yuxuda görür ki, xoşbəxtlik onun üçün göydən düşdü. Qoca bərk sevindi.
 

Növbəti gün qoca tarlada işləyəndə birdən onun dırmığı nəyəsə ilişdi. Tez yeri qazıb üstündə şəkillər olan çini bir küp tapdı. Küpün dibində balaca bir qızıl pul var idi. Qoca çox təəccübləndi:
-Dünənki yuxuya görə xoşbəxtlik mənə göydən düşməli idi, ancaq küpü yerdən qazıb tapdım. Demək, bu göy xoşbəxtliyi deyil, yer xoşbəxtliyidir. Görünür ki, bu xəzinə mənim üçün deyilmiş və təsadüfən bu mənim qabağıma çıxıb.


O, pulu öz yerinə qoyub evinə getdi.
Qocanın qonşuluğunda tamahkar bir varlı vardı. O, kəndlinin qabağına çıxan qızıl pul haqqında eşidib öz-özünə düşündü: “Axmaq qocadır da! Qazıb xəzinə tapasan, onu da götürməyəsən! İndi ki, belədir elə mən özüm gedib qızılı götürərəm”.

 


O, tələsik çölə getdi.

Gəlib gördü ki, doğrudan da xəzinə var. O, əl atıb qızılı götürdü. Qocanın dediyinə görə küpdə bircə dənə qızıl pul olmalı idi, ancaq varlı adam küpü heç cür yerindən tərpədə bilmirdi. Varlı adam öz-özünə dedi:
-Yox, küp yerindən tərpənmir. Küpün içindəkini götürməkdən başqa çarə yoxdur.


O, küpün içinə baxıb gördü ki, orada ilanlar, qurbağalar, soxulcanlar var. Tamahkar adam qışqıra-qışqıra qaçdı:
-Ay-ay! Bu qoca olmayan şeylər danışıb adamları aldadırmış! İndi gör ondan bunun heyfini necə alacağam!


O qayıdıb gəldi, acıqlı-acıqlı bayaqdan yerindən tərpənməyən ağır küpü qaldırıb  yoxsulun daxmasına gətirdi. Gəlib çatan kimi ağır küpü pəncərədən içəri tulladı.


Ürəyi düz qocanın isə heç nədən xəbəri yox idi, yatmışdı. Birdən nəsə bir şey onun başı üstündə cingildədi. O, gözlərini açıb gördü ki, küp cingilti ilə onun başı üstündən keçib yerə düşdü.


-Aha, bu elə doğrudan da göylərdən gələn hədiyyədir.
-Mənim səadətim, - deyə qoca sevindi.


Küpü qaldırdı, içi qızılla dolu idi.