Nağıllar, hekayələr

Zahid Xəlil. "Stolüstü lampanın dərdi"

Əlbəttə, heç kəsin ağlına belə gəlməzdi ki, bu lampanın da dərdi var. Məsələ burasında idi ki, lampa bir yazıçının stolunun üstündə ən hörmətli bir yerdə idi. Yazıçının hələ hamıdan gizlətdiyi əsərlərinin ilk əlyazmasını oxumağa təkcə ona icazə verilirdi. Buna görə də stolüstü lampa özünü son dərəcə xoşbəxt hesab edirdi. Uzaqdan gözlərini heyrətlə açan lampalara heç cavab belə vermək istəmirdi.

 

Uzaqdakı lampalar isə işıq dilində ondan xahiş edirdilər ki, yazıçının təzə əsərləri haqqında onlara heç olmasa bir məlumat versin. Amma stolüstü lampa necə dayanmışdısa eləcə də başını qaldırmadan yazı stoluna baxırdı. Elə bil ətrafda gözlərini ona həsrətlə dikən bu qədər lampaları qətiyyən görmürdü.

 


Amma stolüstü lampanın dərdi başqaydı. Axı yazıçı bu əsərlərinin demək olar ki, hamısını onun işığında yazırdı. Necə deyərlər, lampa da yazıçı ilə eyni həyəcanı keçirirdi.

 

Bir dəfə işıqlar keçdiyi üçün yazıçı həmin gecə işləmədi və o zaman stolüstü lampa yəqin etdi ki, onsuz yazıçının heç bir dəqiqəsi də səmərə verməz. Hə, di gəl ki, əsərlər yayılmağa başlayanda onların üstündə ancaq yazıçının adı olardı. Heç kəsin ağlına belə gəlməzdi ki, bu balaca nağıllarda stolüstü lampanın gözlərinin nuru var.